Sərhədsiz Reportyorlardan Sevinc Vaqifqızı ilə bağlı BƏYANAT

Xəbərin çap versiyası
Tarix: 7-07-2025, 16:20


Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) “AbzasMedia”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızının doğum günü ilə bağlı bəyanat yayıb.

Civilazerbaijan.com
bildirir ki, bəyanatda Sevinc Vaqifqızı və həbsdə olan digər jurnalistlərin dərhal azadlığa buraxılması tələb edilib.

“İyulun 5-də Sevinc Vaqifqızı 36 yaşını həbsdə qeyd edir. Onun anası qızına tort gətirəcək, lakin onu ancaq dəmir barmaqlıqlar arasından verə biləcək”– təşkilatın bəyanatında deyilir.

RSF-nin redaksiya direktoru Ann Bokande bildirib ki, “AbzasMedia” əməkdaşlarına qarşı irəli sürülən ittihamlar əsassızdır və bu proses Azərbaycanda müstəqil jurnalistikanın boğulması üçün sistematik repressiyaların bir hissəsidir:

“Sevinc Vaqifqızının və həmkarlarının cəsarəti jurnalistikanın ən ali dəyərlərini təcəssüm etdirir. RSF onların dərhal azadlığa buraxılmasını və beynəlxalq diplomatik dairələri Bakıya təzyiqləri artırmağa çağırır”.

İkinci doğum gününü də həbsxanada keçirən “AbzasMedia”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı ictimaiyyətə müraciət edib.

“Azərbaycanda bu gün evlərində ac-susuz yatan minlərlə, bəlkə milyonlarla insan var. Çəkiliş etdiyimiz vaxt boş soyuducuları çox görmüşük. “Acam, bu gün yeməyə heç nə tapmamışam” deyənlər də çox olub. Bu sözləri uşaq da deyib, orta yaşlı da, yaşlı adam da. Aclığa səbəb ölkədə ucu-bucağı görünməyən korrupsiyadır Bir qrup böyük kütlələrin ac qalması hesabına varlanır. Amma çıxışlarında “biz bu xalqın xidmətçisiyik” deyirlər”, – müraciətdə deyilir.

Sevinc Vaqifqızı hazırda saxlanıldıqları 1 saylı Bakı İstintaq Təcridxanasından da yazıb:

“Təcridxananın tikintisində korrupsiyaya yol verilib deyə havalandırma sistemi yoxdur. Yenə korrupsiyaya görə məhbusların sözlərini çatdırası siqnal xətti də quraşdırılmayıb. Korrupsiya bir cəmiyyət üçün təcridxanadakı durumu yaradır. Sakinlərini havasız qoyur, üstəlik səslərini eşitdirmək üçün yer də saxlamır. Biz “abzasçılar” bu korrupsiya hallarını və onun cəmiyyət üçün fəsadlarını açığa çıxarmışıq deyə ümumilikdə 59 il 6 ay həbs cəzası almışıq. Korrupsiyaya etinasız qalmayın. Bu, sizin və övladlarınızın rifahına əl qoymaq deməkdir”.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş redaktor Sevinc Vaqifqızı daxil olmaqla “AbzasMedia işi” üzrə həbs edilən yeddi jurnalist 7 ildən 9 ilədək azadlıqdan məhrum edilib. Onlar əsassız olaraq “xarici valyuta qaçaqmalçılığı” və əlavə 7 maliyyə cinayətində təqsirli hesab ediliblər.

Məhkəmənin qərarına əsasən, “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, jurnalist Hafiz Babalı və “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Jurnalistlər irəli sürülən ittihamları rədd edib və məhkəmədə hökm oxunan zaman hakimlərə etiraz olaraq onlara arxa çeviriblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz