Rusiyadan Ukraynaya yardım, Tramp yolu, Bakı ilə münasibətlər haqqında AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: Dünən, 19:49


Rusiya Xarici İşlər Nazirliyi (XİN )Azərbaycandan Ukraynaya silah tədarükünün mümkünlüyü məsələsinə münasibət bildirib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Rusiya XİN-nin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeyev danışıb.

O deyib ki, azərbaycanlı tərəfdaşların Ukraynaya silah-sursat və yaxud ikili təyinatlı humanitar yardımın göndərilməsi məsələsində Rusiyanın tutduğu mövqe açıq-aydın bəllidir.

Fadeyev qeyd edib ki, bu addımlar dinc nizamlanmaya töhfə vermir və vəziyyəti daha da çətinləşdirir.

Bir neçə gün əvvəl hökumətyönlü saytlar yazmışdı ki, Rusiya Azərbaycanın maraqlarına qarşı təcavüzkar siyasətini davam etdirərsə, rəsmi Bakı Ukraynaya öz arsenalında olan silah-sursat tədarükünə qoyulan embarqonun ləğv edilməsi məsələsini nəzərdən keçirməyə başlayacaq.

Yeri gəlmişkən, bu gün Azərbaycandan Ukraynaya humanitar yardım göndərilib. Bildirilir ki, dəyəri 2 milyon dollar olan yardımın növbəti hissəsi yaxın günlərdə göndəriləcək. Azərbaycanın Ukraynaya ümumi humanitar yardımı artıq 44 milyon dolları keçib. Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev, humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib.

Aleksey Fadeyev həmçinin bildirib ki, Rusiya XİN “Tramp Marşrutu” layihəsinin təfərrüatlarını öyrənəcək:

“Biz bu marşrutla bağlı mövqeyimizi sonraya saxlamışıq. Regiondan kənar qüvvələrin cəlb edilməsi yeni problemlər yaratmamalıdır. Nəqliyyat kommunikasiyaları ilə bağlı qərarlarda Ermənistanın Avrasiya İttifaqına üzvlüyü və Sünikdəki rus sərhədçiləri kimi amillər də nəzərə alınmalıdır”.

Aleksey Fadeyev həmçinin bildirib ki, Moskva Azərbaycanda saxlanan rusiyalıların tezliklə azad edilməsi və evlərinə qayıtması variantları üzərində Bakı ilə iş aparır.

“Belə bir qərar Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin sabitləşməsi prosesində mühüm addım olardı”, – Fadeyev qeyd edib.

Meydan TV-nin məlumatında qeyd olunur ki, Fadeyevin bu açıqlamalarına Azərbaycanın rəsmi orqanlarından hələlik münasibət bildirilməyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz