Gömrük Komitəsinin qaçaqmalçılıqda ittiham olunan əməkdaşları AZADLIĞA BURAXILIB
Tarix: 25-06-2025, 16:33
Dubaydan Azərbaycana 190 min manatlıq qızıl külçələrini qaçaqmalçılıq yolu ilə keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Civilazerbaijan.com bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin əməkdaşları Pərvin Dursunəliyev, Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimov bu gün məhkəmə qarşısına çıxarılıb.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər ümumi dəyəri 190 min manat olan 5 ədəd qızıl külçəni qaçaq yolla Azərbaycan gömrük sərhədindən keçirməyə cəhd ediblər.
Məhkəmə istintaqı zamanı təqdim olunan sübutlar onların təqsirini təsdiqləyib.
Lakin hakim Aytən Əliyevanın sədrlik etdiyi məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin həbsdə saxlanmasına zərurət görməyərək onlara Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti cəza) ilə hökm çıxarıb.
Pərvin Dursunəliyev, Mənsur Mehdiyev və Əli İbrahimov 10 ay davam edən istintaq təcridxanasında saxlanıldıqdan sonra məhkəmə zalından azadlığa buraxılıblar.
Dövlət Gömrük Komitəsinin iki əməkdaşı – Pərvin Dursunəliyev və Mənsur Mehdiyev tanışları Əli İbrahimovla birlikdə 2024-cü ilin iyulunda BƏƏ-dən gətirilmiş 190 min manatlıq qızıl külçələri hava limanından gömrük nəzarətindən kənar keçiriblər.
Əli İbrahimov, Pərvin Dursunəliyev və Mənsur Mehdiyev Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri (qaçaqmalçılığın qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə törədilməsi) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunublar.
Binəqədi Rayon Məhkəməsi onların barəsində həbs qətimkan tədbiri seçmişdi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər