Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə görüşəcəyi bildirilir

Xəbərin çap versiyası
Tarix: 4-08-2025, 15:16


Ermənistan və Azərbaycan bu həftə Vaşinqtonda sülh niyyətlərini elan etməyə hazırlaşırlar.

Civilazerbaijan.com
bildirir ki, bunu Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Alex Raufoğlu özünün “Facebook” səhifəsində yazıb.

“Təcili xəbər: Bir neçə mənbənin verdiyi məlumata görə, Ermənistan və Azərbaycan bu həftə Vaşinqtonda sülh niyyətlərini elan etməyə hazırlaşırlar”.

Jurnalist bildirib ki, mənbələrin ona verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp cümə günü hər iki ölkə liderini qəbul edəcək.

“Mənbələrin dediyinə görə, cümə günü Trampın həm Nikol Paşinyanı, həm də İlham Əliyevi Ağ Evdə qəbul edəcəyi gözlənilir”, – Alex Raufoğlu belə yazıb.

Belə bir görüşün planlaşdırılması ilə bağlı hələlik Azərbaycan və Ermənistan rəsmiləri açıqlama verməyiblər.

Ermənistanla Azərbaycan arasında münaqişə hələ 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi olub. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Tərəflər bu ilin martında sülh müqaviləsi ilə bağlı razılığa gəldiklərini və bu istiqamətdə danışıqların uğurla davam etdiyini bildiriblər.
Ötən ayın əvvəli Karneqi Rusiya Avrasiya Mərkəzinin analitiki Olesya Vartanyan iki xarici diplomata istinadən məlumat vermişdi ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Azərbaycan və Ermənistan arasında yolun açılması ilə bağlı Yerevan və Bakıya təklif təqdim edib. O, bildirmişdi ki, ABŞ danışıqları canlandıra bilər və Tramp administrasiyası artıq Ermənistanla Azərbaycana öz planını təqdim edib:

“İki variant mümkündür. Birincisi, Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı tələblərindən imtina etməsini təmin etmək və sülh sazişi imzalamaq. Məsələn, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evə dəvət olunması ilə mümkün ola bilər. İkinci, daha real variant isə Yerevana təzyiq göstərmək, Amerika modelini qəbul etməyə razı salmaq, marşrutun (Zəngəzur- red.) erməni hissəsində tam nəzarət tələbindən imtina etdirməkdir. Bu, çox güman ki, Ermənistanın tezliklə sülh sazişi imzalamaq və bütün sərhədləri açmaq, uzunmüddətli təcrid vəziyyətindən çıxmaq ümidlərindən də imtina etməsi demək olacaq”, – Olesya Vartanyan belə demişdi, Meydan TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz