Alman eks-deputat Lintner Azərbaycana görə həbs cəzası alıb

Xəbərin çap versiyası
Tarix: Dünən, 22:38


Münhen Ali Regional Məhkəməsi “Azərbaycan işi”ndə keçmiş deputat Eduard Lintneri məmurlara rüşvət verməkdə təqsirli bilib.

Civilazerbaijan.com
bildirir ki, aylardır davam edən məhkəmədə siyasətçiyə doqquz aylıq şərti həbs cəzası verilib.

Münhen Baş Prokurorluğu Lintneri Azərbaycan vəsaitlərindən istifadə edərək digər məmurlara rüşvət verməkdə ittiham edirdi. O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) azərbaycanyönlü səsverməyə nail olmaq niyyətində olduğuna görə təqsirli bilinib.

2008-2016-cı illər arasında Lintnerin bir neçə vasitəçi şirkət vasitəsilə Azərbaycandan təxminən 4 milyon avro aldığı bildirilir. Keçmiş dövlət katibi 33 il Bundestaqda çalışıb və 2010-cu ilə qədər AŞPA üzvü olub.

Rüşvət iddialarının mərkəzində Meklenburq-Qərbi Pomeraniyadan olan Bundestaqın üzvü Karin Strenz dayanırdı. O da AŞPA-nın üzvü idi və Azərbaycanın sadiq tərəfdarı sayılırdı. Onun Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatın əleyhinə səs verdiyi bildirilir. Karin Strenz 2021-ci ilin mart ayında vəfat edib.

Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabe qərarı şərh edərkən bunu “həm qorxunc, həm də ümidverici” adlandırıb.

“Bu onu göstərir ki, siyasi korrupsiya Almaniyada təqib olunur və cəzalandırılır. Aydın görünür ki, Eduard Lintner Azərbaycanın maliyyələşdirdiyi deputatların təsir və korrupsiya sistemini qurub. O, artıq buna görə cəzalandırılıb”, – almaniyalı deputat sosial media hesabında yazıb.

Qeyd edək ki, beynəlxalq jurnalistlərin (OCCRP) 2017-ci ildə yaydığı araşdırmada 2,9 milyard dolların Azərbaycandan qanunsuz yolla çıxarılaraq Avropa rəsmilərinə rüşvət vermək üçün istifadə olunduğu iddia edilib. Bu araşdırma “Azerbaijani Laundromat” (“pulyuyan maşın”) adıyla tanınıb.

Azərbaycan rəsmiləri OCCRP-nin araşdırmasını qərəzli və əsassız sayıblar. Hakimiyyəti təmsil edən şəxslərin fikrincə, bu araşdırma erməni lobbisinin və Azərbaycanı sevməyən, onun uğurlarını qısqanan qüvvələrin sifarişi ilə hazırlanıb.

Həmin araşdırma Lintnerin bu sxem çərçivəsində 1,1 milyon dollar aldığını üzə çıxarmışdı. Lintnerin izahı belə olmuşdu ki, o, pulları Azərbaycan-Almaniya münasibətlərini inkişaf etdirən cəmiyyət üçün alırdı.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz