Hafiz Babalı bu hökumətyönlü media orqanlarını məhkəməyə verəcək - SİYAHI

Xəbərin çap versiyası
Tarix: 13-06-2025, 16:12


Araşdırmaçı jurnalist, “Abzas Media işi” üzrə həbsdə olan Hafiz Babalı bir sıra hökumətyönlü media orqanlarını məhkəməyə verməyə hazırlaşır.

Civilazerbaijan.com
bildirir ki, bu barədə məlumat iyunun 12-də jurnalistin “Facebook” səhifəsində öz əksini tapıb. Paylaşımda qeyd olunur ki, H.Babalı ona “böhtan atdıqlarına görə” “Baku TV”, “Qafqazinfo”, “Report.az” və digər “dezinformasiya saytlarını” məhkəməyə verməyə hazırlaşır.

Jurnalistin vəkili Rəsul Cəfərov Toplum TV-yə açıqlamasında xəbəri təsdiqləyib.

“Qanunvericiliyin tələbinə uyğun olaraq, şəxs haqqında həqiqəti əks etdirməyən məlumatlar yayımlanarsa, təkzib verilməli, üzr istənilməli və mənəvi zərərə görə təzminat ödənilməlidir. Hafiz bəyin tələbləri bununla bağlıdır”, - o deyib.

Vəkil qeyd edib ki, hazırki mərhələdə Babalı sözügedən media orqanlarına məktublar yazıb və təkzib tələb edir. Bunlar nəticəsiz olacağı halda, o, məhkəməyə müraciət edəcək.

Babalı daha öncə də “Qafqazinfo”, “ATV” telekanalı və “İki Sahil” qəzetini məhkəməyə verib, lakin bir ildən çox çəkən prosesdən sonra məhkəmə onun şikayətini təmin etməyib.

H.Babalı və həbsdə olan digər müstəqil jurnalistlər barəsində hökumətyönlü mediada onların xarici təşkilatlar və fondlar ilə əlaqə quraraq qrant aldığı, bunun qarşılığında hökumət əleyhinə materiallar dərc etdikləri iddia olunur.

Hafiz Babalı 2023-cü ilin dekabrında həbs olunub.

“Abzas Media işi” üzrə medianın təsisçisi və direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova və “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə mühakimə olunurlar.

İlkin olaraq onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham edilirlər.

Jurnalistlər korrupsiya araşdırmaları və fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz