AbzasMediadan hökumətyönlü mediada yayımlanan ittihamlara CAVAB

Xəbərin çap versiyası
Tarix: 24-07-2025, 21:09


İyulun 23-də hökumətyönlü mətbuatda təqdim olunan “Külli miqdarda maliyyə vəsaitləri xaricdən gizli yolla Azərbaycana necə keçirilib?” başlıqlı videomaterial yayımlanıb.

Civilazerbaijan.com
bildirir ki, videoda “Xarici qrant şəbəkəsi” adlandırılan qurumların “Azərbaycanda qərəzli informasiya yaymaqla ictimai rəyə təsir etməyə çalışdığı, lakin bu cəhdlərin uğursuz olduğu” bildirilib.

AbzasMedia, Meydan TV və HamamTimes TV kimi media resurslarının xaricdəki nümayəndələrinin, guya, qanunsuz yollarla maliyyə vəsaitlərini Azərbaycana gətirdiyi iddia olunub.

AbzasMedia materialla bağlı mövqeyini açıqlayıb və bildirib ki, bu mediaya qarşı səsləndirilən ittihamlar tamamilə əsassızdır və heç bir hüquqi və faktiki əsaslara söykənmir.

“AbzasMedia hazırda Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərmir və ölkə daxilində heç bir fiziki və ya hüquqi şəxslə əməkdaşlıq etmir. 2023-cü ilin noyabrından etibarən AbzasMedia əməkdaşlarına qarşı başladılan həbs dalğasından sonra elan etdiyimiz kimi, biz bir ildən çoxdur fəaliyyətimizi ölkə hüdudlarından kənarda, xaricdə qərarlaşmış jurnalistlər və baş redaktorla davam etdiririk”, – bəyanatda deyilir.

AbzasMedia-nın yaydığı bəyanatda qeyd olunub ki, bu cür informasiyalar ictimai rəyi çaşdırmağa, müstəqil medianın nüfuzuna xələl gətirməyə və əsas məqsədi ictimai maraqları qorumaq olan jurnalist fəaliyyəti üzərinə kölgə salmağa yönəlib:

“AbzasMedia bir daha bildirir ki, fəaliyyətimiz insan hüquqlarının qorunmasına və korrupsiya ilə mübarizə aparan peşəkar, müstəqil jurnalistika dəyərlərinə əsaslanır. Bir daha vurğulayırıq ki, 7,5-9 il həbs cəzası verilən AbzasMedia əməkdaşları qaçaqmalçılıqla və ya hər hansı digər qanunsuz fəaliyyətlə məşğul olmayıb. Onların yeganə fəaliyyəti – cəmiyyətdə baş verən korrupsiya halları, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər hüquq pozuntuları ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması olub. Onlar jurnalist fəaliyyətlərinə və işıqlandırdıqları faktlara görə hədəf alınıblar”- bəyanatda belə deyilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz