Ölkədən çıxışıma “stop” qoyulubsa, dəfələrlə xaricdə necə olmuşam? - ŞƏMŞAD AĞA
Tarix: 1-07-2025, 20:30
Məhkəmə prosesi zamanı hakim Rafael Sadıxov "Arqument.az" saytının Baş redaktoru jurnalist Şəmşad Ağa ilə siyasi polemikaya girib.
Civilazerbaijan.com “Meydan TV işi”nə görə həbs edilən jurnalist Şəmşad Ağanın (Ağayev) iyunun 25-də Xətai rayon Məhkəməsindəki çıxışını və hakim Rafael Sadıxovla dialoqunu olduğu kimi təqdim edir:
Şəmşad Ağa: “Mən bu məhkəməyə gəlmək istəmirdim, çünki siyasi işlərdə hakimlər heç bir funksiya daşımırlar, onlar sadəcə verilən siyasi qərarları elan edən tamadalardır. Ona görə də bura gəlib sizin üzünüzü görmək istəmirəm. Nə qərar verirsinizsə, bizsiz verin, “bitirin bu komediyanı”. İstintaq orqanı hər dəfə həbs müddətinin artırılması ilə bağlı vəsatətində qeyd edir ki, guya mən 2024-cü ildə dəfələrlə xaricdə olmuş və xarici valyuta gətirib bəyan etmişəm. Halbuki mən 2024-cü ildə ümumiyyətlə xaricdə olmamışam. Bundan başqa, elə hazırki istintaq orqanı məni “Toplum TV işi”ndə şahid kimi dindirib, ölkədən çıxışıma “stop” qoyub. Onda sual yaranır: 2024-cü ildə dəfələrlə xaricdə necə olmuşam? Dövlət Sərhəd Xidmətinə sorğu verib bunu dəqiqləşdirmək çətindirmi? Qaçaqmalçılıq belə bir ittihamdır ki, bunun üçün mütləq maddi sübutlar təqdim edilməlidir.
İstintaq orqanı artıq 3-cü dəfədir ki, həbs müddətinin artırılması üçün vəsatət verir, amma heç bir sübut təqdim etmir. Mediaya ötürdükləri manipulyativ yazıda isə qeyd edirlər ki, mən Meydan TV-də bəzi yazıların müəllifiyəm. Bu maddi sübutdurmu? Onda məhkəmədə də, desinlər ki, Meydandakı yazılarına görə tutmuşuq. Azərbaycanda yeni bir tendesiya yaranıb: jurnalistin yazıları qaçaqmalçılıq sayılır. Jurnalistika yaradıcı işdir, bürokratik bir təşkilat deyil. İndi sabah mənim “Vaşinqton Post” qəzetində hansısa yazım çıxsa, gəlib sizinlə məsləhətləşməliyəm? Bu nə abrsurd yanaşmadır? Prosesdə iştirak edən prokurorun buradakı rolu müasir robotlarla da müqayisəyə gəlməz. Sadəcə bir cümlə deyir: “Istintaqın vəsatəti təmin edilsin”. Hansı sübutla, əsaslandırma ilə? İnsanların taleyi üzərində karyera qurursunuz. Utanmırsınız?
Dünyanın inkişaf etmiş ölkələrində hətta qlobal məsələlərdə hakimlər prezidentlərin qərar və fərmanlarını ləğv edirlər, amma siz siyasi qərar qarşısında o qədər mütisiniz ki, haqqımızda sübutsuz-dəlilsiz hökm çıxarırsınız”.
Bu zaman hakim Rafael Sadıxov jurnalistin çıxışını kəsir:
– Hansı inkişaf etmiş ölkələr? Yaxın Şərq qan gölünə dönüb.
Şəmşad Ağa: Siz siyasi tərəf kimi çıxış edirsiniz?
Hakim: Xeyr.
Şəmşad Ağa: Yaxın Şərq ona görə qan gölünə çevrilib ki, orada da sizin kimi despot rejimlərdir. İkincisi də, Yaxın Şərqi qan gölünə çevirənlər sizin lobbiçiliyinizi edən müttəfiqinizdir.
Hakim: 15 ildir ki, jurnalistika ilə məşğul olursunuz. Niyə sizi indi tutublar?
Şəmşad Ağa: Corc Orueli oxumusunuz?
Hakim: O kimdir?
Şəmşad Ağa: Heç nə. Sizinlə müzakirə bitib.
Bizim həbsimiz irticaya xidmət edən, Avropa İnsan Haqları Konvesiyası və Azərbaycan Konstitusiyasına zidd olan mürtəce “Media haqqında” Qanunun qəbulundan sonra qaçılmaz idi. Çünki o qanun deyildi, müstəqil media və jurnalistlərin edam hökmü idi. Biz o mürtəce qanuna etiraz edirdik ki, avtoritarizm müstəqil medianın son dayaqlarını da tam məhv etməsin. Ona görə də bizi cəzalandırdılar. Halbuki mən Konstitusiya Məhkəməsinə 30 səhifədən yuxarı əsaslandırılmış müraciət göndərmişdim ki, qanunun Konstitusiya ilə uyğunluğu yoxlanılsın, əgər uyğun deyilsə, qanunun icrası dayandırılsın. Amma indiyə qədər o işə baxılmayıb.
Meydan TV Azərbaycanda hakimiyyətin yaratdığı informasiya mühasirəsini yaran müstəqil media orqanıdır. Ona təzyiqlər də məhz bu fəaliyyətinə görədir. Ona görə də sizin bu siyasi qərara qarşı getməyə cəsarətiniz çatmaz, çünki qərar Prezident Adminstrasiyasından və şəxsən İlham Əliyev tərəfindən verilib. Biz jurnalistik və həqiqətləri işıqlandırırıq, heç bir cəza və siyasi qərar həqiqətin mahiyyətini dəyişə bilməz.
Yaşasın söz və ifadə azadlığı!”
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər