Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Tarix: 6-08-2025, 15:39
Rusiya dronları avqustun 6-sı gecə saatlarında Ukrayna-Rumıniya sərhədi yaxınlığında, Odessa vilayətində Ukraynanın Qazötürmə Sistemi Operatorunun kompressor stansiyasına hücum edib.
Civilazerbaijan.com bildirir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu kompressor stansiyası Yunanıstanın LNG terminallarını Trans-Balkan boru kəməri vasitəsilə Ukraynanın qaz anbarları ilə birləşdirən marşruta daxildir, bu marşrutla artıq ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) və sınaq həcmində Azərbaycan qazı tədarük olunur.
"Bu tədarükləri təmin edən avadanlıq dünən gecə onlarla zərbə dronunun hücumuna məruz qalıb. Bu, Rusiyanın sırf mülki infrastruktura, enerji sektoruna, eləcə də Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarımızla münasibətlərə qarşı hücumudur", - Ukraynanın Energetika Nazirliyi bildirib.
Qeyd olunub ki, mütəxəssislər hücumun nəticələrini qiymətləndirmək üçün hadisə yerində işləyir.
"Trans-Balkan marşrutunun əsas kompressor stansiyasına qarşı Rusiyanın irimiqyaslı dron hücumu göstərir ki, Moskva avropalıların enerji müstəqilliyini və alternativ qaz təchizatı marşrutlarını məhv etmək üçün mövcud olan bütün vasitələrdən və təzyiq alətlərindən istifadə edəcək", - Ukraynanın energetika naziri Svetlana Qrinçuk deyib.
İyulda Ukraynanın "Naftoqaz Ukrainı" milli səhmdar cəmiyyəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər