Hərbi Prokuror Xanlar Vəliyevdən “Tərtər işi"ylə bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 1-11-2021, 16:42


“Müəyyən etmişik ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib”.

Civilazerbaijan.com
bildirir ki, Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, Xanlar Vəliyev bunu noyabrın 1-də jurnalistlərə açıqlamasında bildirib.

Onun deməsinə görə, istintaqın gedişində bəzi şəxslər məsuliyyətə cəlb olunsalar da sonradan təqsirsiz olduqları aşkar edilib: “Ona görə də həmin şəxslərin barəsindəki cinayət işinə xitam verildi. Demək istəyirəm ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb. Zənn edirəm ki, buna nail olub” deyə X.Vəliyev bildirib.

X.Vəliyv əlavə edib ki, belə hallar hər bir azərbaycanlı üçün qara ləkədir və, belə hallar əvvəllər də olub, onlara qarşı mübarizə aparılıb, məhkəmə məsuliyyətinə cəlb ediliblər: “Belə olmasaydı, bizim ordumuz təmizlənməsəydi, bəlkə də biz çox pis vəziyyətdə qalardıq və bu qələbəni də qazana bilməzdik. İkinci Dünya müharibəsi vaxtı sovet ordusunun diviziyası belə satılmışdı”, deyə hərbi prokuror vurğulayıb.

X.Vəliyev qeyd edib ki, Hərbi Prokurorluğun apardığı istintaq zamanı müəyyən olundu ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə ayrı-ayrı şəxslərə qarşı - söhbət dövlətə xəyanətdə şübhəli bilinən şəxslər barəsində gedir - fiziki zorakılıqlar, həm də çox ciddi zor tədbirləri həyata keçirilib.

Nəticədə Hərbi Prokurorluq biz cinayət işini aparana kimi bir nəfər şəxs vəfat etmişdi, kütləvi şəkildə hərbçi şəxlərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilib və cinayət işi başladıldı.

Onun deməsinə görə, Müdafiə Nazirliyinin tibb xidmətindən böyük briqadada həkimlər gəldi, hansı şəxslərin hansı dərəcədə müalicə ehtiyacı olduğunu müəyyənləşdirdi: “Bir qism insanlar mərkəzi hospitala təxliyə olundu, çünki onlara çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilmişdi.

Həmin adamların böyük bir qisminin həyatı xilas olundu. Həmin iş üzrə 16 nəfər müxtəlif vəzifəli şəxslər cinayət məsuliyyətinə alındı, sonra məhkəmə məsuliyyətinə verildi və barələrində müxtəlif uzunmüddətli hökm qərarı qəbul olundu. Onlar da hökmlərdən şikayət verdilər. Lakin nə apelyasiya, nə də kassasiya məhkəməsi həmin şikayətləri qəbul etdi. Hesab etdi ki, istintaq orqanları onlara istinad olunan ittihamları əsaslı və qanuni verib. Hökmlər qüvvəsində saxlanıldı"”, deyə bildirib.

Qeyd edək ki, 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yaymışdılar. Onlar Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirirdilər. Birgə açıqlamada qeyd edilirdi ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində həlak olduğu ilə bağlı iddialar yayıldı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyiblər.

Məhkəmə prosesləri də, əsasən, qapalı keçirilib.

Bəzi hüquq müdafiəçiləri isə iddia edirdi ki, bu iş üzrə istintaq zamanı azı səkkiz şübhəli şəxsin işgəncə nəticəsində öldürülməsinə dair məlumatlar var.

Həbs edilənlərin doğmaları isə bildirir ki, sonradan təkrar istintaq zamanı öldürülənlərdən dörd nəfərə bəraət verilib.

Onların iddialarına görə, işgəncədə iştirak edənlərdən də məhkəmə qaydasında cəzalandırılanlar var.

Habelə, valideynlərin bildirməsinə görə, bəzi hərbi qulluqçulara da ittihamlar üzrə 5 ildən 20 ilə qədər həbs cəzaları verilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz