Rafiq Tağının doğum günü
Tarix: 5-08-2024, 13:04
5 avqust Azərbaycanın qətlə yetirilmiş məşhur yazıçı-publisisti Rafiq Tağının doğum günüdür. Öldürülməsəydi bu gün mərhum yazarın 74 yaşı tamam olacaqdı.
Civilazerbaijan.com bildirir ki, Rafiq Tağı (Rafiq Nəzir oğlu Tağıyev) 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub.
1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981-1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. 1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. 1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983-1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.
Qeyd edək ki, 2006-cı ildə "Sənət qəzeti"ndə dərc edilmiş "Avropa və biz" məqaləsinə görə yazar Rafiq Tağı və qəzetin Baş redaktoru Samir Sədaqətoğlu (Hüseynov) həbs edilib.
Rafiq Tağı və Samir Sədaqətoğlu, 2007-ci il, Səbail Rayon Məhkəməsi
Yazıçı-publisist R. Tağının sözügedən məqaləsində islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi fikirlər yer alıb. Həmin məqalənin dərcindən sonra R. Tağı və S. Sədaqətoğlunun Məhəmməd peyğəmbəri təhqir etmələri iddia olunub. "Avropa və biz" yazısında isə islam və xristianlıq mənəviyyat və humanizm nöqteyi-nəzərdən və bəşəriyyətin inkişafı konteksindən müqayisə olunur. Məqalə dərc edildikdən sonra R. Tağıya və qəzetin Baş redaktoru S. Sədaqətoğluna qarşı dindarlar tərəfindən böyük və ardı-arası kəsilməyən təzyiqlər başlayıb, yerli dindarlar (Nardaran icması) və İranın bir neçə ali dini ruhanisi - Ayətullahlar Məhəmməd Fazil Lənkərani, Mürtəza Bəni Fəzl və Möhsün Müctəhid Şəbistəri tərəfindən Rafiq Tağı və Samir Sədaqətoğlunun qətlə yetirilməsi ilə bağlı ölüm hökmü fətvası verilib.
Hər iki yazar 2006-cı ilin noyabrında həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 283-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsinin tələblərini pozmaqda təqsirli biliniblər. Məhkəmə R. Tağını 3 il, S. Sədaqətoğlunu isə 4 il müddətinə azadlıqdan məhrum edib.
"Sənət qəzeti"
5 dekabr 2019-cu il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mərhum yazıçı-publisist Rafiq Tağı və onun həmkarı - "Sənət qəzeti"nin təsisçisi və Baş redaktoru Samir Sədaqətoğlunun (Hüseynov) şikayəti - “Rafiq Tağı və Samir Sədaqətoğlu Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.
Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələdə İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulduğunu bildirib. AİHM-ə şikayətdə deyilirdi ki, dövlət hər iki məhkumun etiqad və ifadə azadlığına müdaxilə edib.
Məhkəmə Azərbaycan hökumətinin üzərinə R. Tağının ailəsinə və S. Sədaqətoğluna maddi təzminat ödəmək öhdəliyi qoyub.
R. Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı bıçaq zərbələri alıb, dörd gün sonra isə xəstəxanada müəmmalı şəraitdə vəfat edib.
7 iyulun 2022-ci il tarixdə isə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rafiq Tağının qətlinə dair iş üzrə qərar çıxarıb.
AİHM bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulduğunu müəyyən edib. Qərara əsasən, Azərbaycan hökuməti iddiaçıya – mərhumun xanımına 12 min avro, məhkəmə xərclərinə görə isə 2 min avro kompensasiya ödəməlidir.
R.Tağının qətli ilə bağlı istintaq 2013-cü ildə cinayətkar(lar)ın müəyyən edilməsi mümkün olmaması əsası ilə dayandırılmışdı. Milli məhkəmələr ərizəçinin istintaqın dayandırılması ilə bağlı qərardan verdiyi bütün şikayətləri rədd etmişdilər.
Hal-hazırda İsveçrədə siyasi mühacir həyatı yaşayan "Civilazerbaijan.com” saytının təsisçisi və baş redaktoru, yazıçı-jurnalist Samir Sədaqətoğlunu Azərbaycan höküməti hələ də təqib edir. Belə ki, 2022-ci ildə Azərbaycan məhkəmələri "Premium Hoteli”in rəhbəri Məmmədov Rasim Eldar oğlunun iddiası əsasında Samir Sədaqətoğlunun (Hüseynov) əleyhinə qərar qəbul edib.
Samir Sədaqətoğlu məlum məhkəmə qərarını Azərbaycanda təməl insan haqlarının, söz, mətbuat və ifadə azadlığının növbəti dəfə kobud şəkildə pozulması kimi şərh edib:
"Hesab edirəm ki, bu məhkəmə qərarı siyasi qərardır və güman edirəm ki, bu mənim xüsusən son zamanlarda Avropadakı ictimai-siyasi fəaliyyətimlə, habelə müxtəlif dövrlərdə burada yayımlanan bir sıra məqalələrimlə bağlıdır. Mən Azərbaycan hökümətini ölkədən min kilometrlərlə uzaqda məni və digər həqiqi siyasi mühacirləri rahat buraxmağa, getdikcə dövlətimizin imicinə daha çox ziyan vuran "siyasi mühacir ovu”na son qoymağa dəvət edirəm. Mən həmçinin Azərbaycan hökümətini dövlətin enirjisini və resurslarını mənimlə bu cür mənasız, prespektivsiz və qanunsuz formada mübarizəyə sərf etməkdənsə, Avropa İnsan Hüquqları Məhkəməsinin hal-hazırda Avropa Şurası Nazirlər İttifaqının nəzarətində olan Rafiq Tağı və mənimlə bağlı qərarı ilə əlaqədar prosesi təcili şəkildə sürətləndirməyə, mərhum Rafiq Tağının qətli ilə bağlı cinayət işinin icraatını bərpa etməyə və onun qatillərini və bu qətli sifariş verənləri axtarıb taparaq məhkəmə qarşısına çıxarmağa dəvət edirəm”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər