Azərbaycanda insan hüquqlarının vəziyyəti pisləşməkdə davam edir - HESABAT
Tarix: Bu gün, 13:39
Müstəqil Hüquqşünaslar Şəbəkəsi (MHŞ) Azərbaycanda yeni qanunvericilik dəyişikliklərinin insan hüquqlarına müdaxilə imkanlarını genişləndirdiyini, bu müdaxilələrə qarşı hüquqi müdafiənin isə səmərəsiz qaldığını bildirir. Qurumun qiymətləndirməsinə görə, ölkədə insan hüquq və azadlıqlarının vəziyyəti pisləşməkdə davam edir.
Civilazerbaijan.com bildirir ki, bu nəticələr MHŞ-nin oktyabrın 7-də dərc etdiyi, 2026-cı il yanvarın 1-dən sentyabrın 1-dək olan dövrü əhatə edən tematik monitorinq hesabatında yer alıb. Hesabatda internetə nəzarəti və razılıqsız psixiatriya müayinəsinə göndərmə səlahiyyətlərini genişləndirən dəyişikliklər, məhbusların tibbi yardıma çıxışı və “Toplum TV işi” üzrə məhkəmə prosesi təhlil olunub.
Hesabata görə, iyulun 10-da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilmiş dəyişikliklər internet resurslarına məhkəmə qərarından əvvəl girişin məhdudlaşdırıla biləcəyi halları genişləndirib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi artıq “ictimai mənəviyyat” və “milli-mənəvi dəyərlər”ə zidd sayılan, təhqir və böhtan məzmunlu məlumatlara da girişi müvəqqəti məhdudlaşdıra bilər.
Nazirlik bunun üçün məhkəməyə də müraciət etməlidir, lakin tətbiq olunan məhdudiyyət məhkəmə məsələyə baxanadək qüvvədə qalır. MHŞ bu meyarların qeyri-müəyyənliyinin qanuni tənqidin və alternativ fikirlərin məhdudlaşdırılması, özünüsenzuranın artması riskini yaratdığını vurğulayır.
Prezidentin iyulun 30-da imzaladığı fərmanla isə Nazirlər Kabinetinə “Yayılması qadağan edilən informasiyaya nəzarət” sisteminin yaradılması barədə təkliflərini yeddi ay ərzində təqdim etmək tapşırılıb. Nəzərdə tutulan sistem süni intellekt və digər texniki vasitələrlə qadağan edilən məlumatları avtomatik aşkarlamağı və internetdə yerləşdirilməsinin qarşısını almağı hədəfləyir.
“Məzmunun yayımlanmadan əvvəl avtomatik aşkarlanaraq yerləşdirilməsinin qarşısının alınması mahiyyət etibarilə internet üzərində preventiv senzura mexanizmidir”, - hesabatda bildirilir.
Hüquqşünaslar xəbərdarlıq edirlər ki, belə sistem məlumatın konteksti və ictimai əhəmiyyəti qiymətləndirilmədən qanuni məzmunun yayılmasına da mane ola bilər.
Hesabatda iyulun 13-də “Psixiatriya yardımı haqqında” qanuna edilmiş dəyişikliklər də tənqid olunur. Dəyişikliklər müəyyən hallarda şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan, prokurorun və ya Daxili İşlər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinin qərarı ilə psixiatriya müayinəsinə göndərilməsinə imkan verir.
MHŞ-nin təhlilinə görə, inzibati xəta icraatı zamanı psixiatriya yardımının gecikdirilməsinin şəxsin özünün və ya başqalarının həyat və sağlamlığına təhlükə yaradacağı hesab edilərsə, belə qərar əvvəlcədən müstəqil psixiatr qiymətləndirməsi və ya məhkəmə qərarı olmadan qəbul edilə bilər. Lakin təhlükənin hansı tibbi göstəricilər və sübutlar əsasında müəyyənləşdiriləcəyi konkretləşdirilməyib.
“Psixiatriya müayinəsinin tətbiqi üçün kifayət qədər konkret və obyektiv meyarların olmaması belə mexanizmin selektiv qaydada tətbiqi və ya təzyiq vasitəsinə çevrilməsi riskini artırır”, - MHŞ qeyd edir.
Monitorinq dövründə şəbəkə ən azı 15 siyasi məhbusun zəruri tibbi yardıma çıxışının təmin edilməməsinə dair şikayət və məlumatları qeydə alıb. Qurum bu rəqəmin problemin tam miqyasını əks etdirmədiyini bildirir. Şikayətlər müayinələrin gecikdirilməsi, ixtisaslı həkim və dərman çatışmazlığı, mülki xəstəxanalara göndərişdən imtina və tibbi nəticələrin təqdim edilməməsi ilə bağlıdır.
Hesabatda “Abzas Media” jurnalisti Nərgiz Absalamovanın xroniki sinusit, artan nəfəs darlığı və güclü baş ağrıları fonunda MRT və ümumi tibbi müayinə üçün müraciətlərinin təmin edilmədiyi göstərilir. MHŞ və beynəlxalq hüquq müdafiə təşkilatlarının iyulda yaydığı birgə bəyanata görə, həmin vaxt jurnalistin müayinə üçün gözləmə müddəti altı ayı keçmişdi.
“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədlinin isə qalxanabənzər vəzindəki şişlərlə bağlı müayinələrinin həbsdən sonra yarımçıq qaldığı bildirilir. Hesabatda onun 29 aylıq həbs müddətində yalnız bir dəfə endokrinoloq tərəfindən müayinə olunduğu qeyd edilir.
“Meydan TV işi” üzrə həbs edilən jurnalist Ülviyyə Əli (Quliyeva) hipofiz mikroadenomasına görə mütəmadi MRT və KT müayinələrinə ehtiyac duyduğunu bildirib. Hesabata görə, təcridxanada müvafiq avadanlıq olmadığı halda onun öz hesabına mülki tibb müəssisəsində müayinə olunmaq üçün müraciətləri də təmin edilməyib.
Şəbəkə Tofiq Yaqublunun və Əli Kərimlinin tibbi müayinələrinin nəticələrinə çıxışla bağlı şikayətlərinə də yer verib. Bu sənədlərin təqdim edilməməsinin həm sonrakı müalicənin, həm də hüquqi müdafiənin təşkilinə mane olduğu vurğulanır.
“Zəruri müayinə və müalicənin həbs yerində təmin edilməməsi, mülki tibb müəssisələrinə göndərişlərin isə davamlı gecikdirilməsi və ya rədd edilməsi saxlanılan şəxslərin həyat və sağlamlığını ciddi risk altında qoyur”, - hesabatda deyilir.
Hesabatda istinad olunan rəsmi məlumatlara görə, 2024-cü ildə 670 məhkum ehtiyac duyduğu ixtisaslaşdırılmış tibbi xidmətlərdən yararlana bilməyib. Səbəblər sırasında avadanlıq və ixtisaslı kadr çatışmazlığı göstərilib.
2022–2023-cü illərdə penitensiar müəssisələrdə 320 məhbus həyatını itirib, ölüm hallarının 96–97 faizi xəstəliklərlə əlaqələndirilib. Həmin dövrdə xəstəliyə görə cəzadan azad edilmə mexanizmi çərçivəsində yalnız 47 məhkumun vəziyyətinə baxılıb və altı nəfər azad olunub. Ədliyyə Nazirliyinin hesabatda yer alan məlumatına görə, 2026-cı ilin ilk yarısında penitensiar müəssisələrdə 64 ölüm faktı qeydə alınıb. MHŞ ölüm səbəbləri üzrə bölgünün və həmin şəxslərə göstərilmiş tibbi yardım barədə məlumatın açıqlanmadığını qeyd edir.
Hesabatın ayrıca hissəsi “Toplum TV işi” üzrə məhkəmə prosesinə və iyulun 27-də çıxarılmış hökmə həsr olunub. Həmin iş üzrə doqquz nəfər 12 ildən 15 ilədək azadlıqdan məhrum edilib.
MHŞ-nin təhlilinə görə, müdafiə tərəfi ən azı 58 yazılı və çoxsaylı şifahi vəsatət təqdim edib, lakin onların əksəriyyəti təmin olunmayıb. Vəsatətlər protokollardakı imzaların həqiqiliyinin yoxlanılması, şahid və ekspertlərin dindirilməsi, əlavə ekspertizaların keçirilməsi və elektron məlumatların qanuni yolla əldə edilib-edilmədiyinin araşdırılması ilə bağlı olub.
Məsələn, Müşfiq Cabarovun müdafiəçiləri üzərinə baxış protokolundakı imzaların ona məxsus olmadığını bildirərək ekspertiza tələb ediblər. Hesabata görə, bu məsələ yoxlanılmayıb. Bəzi hal şahidlərinin pulların aşkar olunmasını görmədiklərini və protokolları sonradan polis idarəsində imzaladıqlarını demələrinə baxmayaraq, müdafiənin əlavə şahidlərin və polis əməkdaşlarının dindirilməsi tələbləri də təmin edilməyib.
Şəbəkə Ələsgər Məmmədli və Akif Qurbanovun gəlirlərini xidmət müqavilələri əsasında əldə etdikləri və vergiləri ödədikləri barədə dəlillərinə hökmdə cavab verilmədiyini bildirir. Hesabata görə, bu ödənişlərin hansı əsasla qeydiyyatsız qrant və ya qanunsuz sahibkarlıq gəliri sayıldığı izah olunmayıb. Pulların polis tərəfindən yerləşdirilməsi və barmaq izi sübutlarının saxtalaşdırılması barədə müdafiənin iddiaları da konkret cavabsız qalıb.
“Məhkəmə müdafiənin mövqeyini hökmə daxil etsə də, işin nəticəsini dəyişə biləcək əsas etiraz və dəlillərə konkret, fərdiləşdirilmiş və yoxlanıla bilən cavablar verməyib”, - hesabatda vurğulanır.
MHŞ həmçinin iki ittiham üzrə alternativ cərimə cəzası nəzərdə tutulduğu halda bütün təqsirləndirilən şəxslər üçün azadlıqdan məhrumetmənin seçilməsinin fərdi əsaslarla izah edilmədiyini qeyd edir. Şəbəkənin qənaətinə görə, bu çatışmazlıqlar tərəflərin bərabərliyi, sübutları mübahisələndirmək və əsaslandırılmış məhkəmə qərarı almaq təminatlarını pozaraq prosesin ədalətliliyini aradan qaldırıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












