Polis rəisi qəza törədib, ölən və yaralanan var

Xəbərin çap versiyası
Tarix: 27-08-2024, 22:57


Qax Rayon Polis Şöbəsinin rəisi Vidadi Qurbanovun şəxsi avtomobili ilə yol qəzası törətdiyi, nəticədə bir nəfərin öldüyü bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Meydan TV-yə məlumat verən mənbənin sözlərinə görə, yol-nəqliyyat hadisəsi avqustun 25-də Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində baş verib.

“Polis rəisi “Toyota Camry” markalı avtomobildə olub. Qəza nəticəsində bir nəfər həlak olub, biri isə yaralanıb. Hər ikisi Şəkinin Aşağı Göynük kənd sakinləridir”, – mənbə bildirib.

Məlumatda o da qeyd olunub ki, hadisə nəticəsində həyatını itirən 37 yaşlı Samrat Paşayev həkimdir.

Zərərçəkənlərin yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, hadisənin mümkün qədər gizli qalması, maraqlanan media nümayəndələrinin nəzarətə alınması tapşırılıb. Bu səbəbdən də işin qapadılmasından narahatdırlar.

Vidadi Qurbanov 2019-cu ilin fevralında Qax rayonuna polis rəisi təyin olunub. Qaxdan öncə isə Nərimanov Rayon Polis İdarəsində Narkotiklərlə Mübarizə şöbəsinin rəisi idi. O, əvvəllər həmçinin Suraxanı rayonu, 30-cu polis bölməsinin rəis müavini, Xətai rayonu, 36-cı polis bölməsinin rəisi vəzifələrində çalışıb.

Meydan TV-nin məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətilə dəqiqləşdirmək cəhdləri nəticə verməyib. Həmçinin Vidadi Qurbanovun ailə üzvlərindən biri də bu barədə danışmayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz