Rusiyada taun şübhəsi: ABŞ konqresmeni uçuşları dayandırmağa çağırır
Tarix: Bu gün, 13:26
ABŞ Rusiyada ağciyər taunu şübhəsi ilə bağlı xəbərləri diqqətlə izləyir. Sibirdə, İrkutsk vilayətində 28 yaşlı laboratoriya əməkdaşının ölümündən sonra ABŞ-nin bəzi siyasi xadimləri Rusiyaya səfər məhdudiyyətlərinin qoyulmasına çağırırlar.
Civilazerbaijan.com bildirir ki, Dövlət Departamentinin sözçüsü oktyabrın 4-də AzadlıqRadiosuna deyib ki, İrkutskda ölümlə nəticələnmiş ağciyər taunu şübhəsindən məlumatlıdırlar, digər dövlət qurumları ilə birlikdə vəziyyəti yaxından izləyirlər. Departament Rusiya hakimiyyətini dəqiq məlumatları operativ və açıq şəkildə paylaşmağa çağırıb. Qurum həmçinin vurğulayıb ki, taun xəstəliyi, xüsusilə müalicəyə erkən başlandıqda antibiotiklərlə uğurla müalicə oluna bilir.
Ağ ev də hadisələrin gedişatını və Rusiyanın karantin tədbirlərini nəzarətdə saxlayır. Administrasiyanın yüksəkvəzifəli rəsmiləri jurnalistlərə hökumətin xəbərlərdən agah olduğunu, mümkün addımları nəzərdən keçirdiyini bildiriblər. Hazırda ABŞ ilə Rusiya arasında birbaşa kommersiya uçuşları yoxdur. Vaşinqton hələlik taun şübhəsi ilə bağlı əlavə səfər məhdudiyyətləri elan etməyib.
Narahatlıq artır
Bu xəbərlər ABŞ-nin bəzi konqresmenləri və keçmiş rəsmiləri arasında narahatlıq doğurub. Bunun bir səbəbi Rusiyanın bioloji silah tədqiqatları sahəsindəki keçmişidir. Nümayəndələr Palatasının Silahlı qüvvələr komitəsinin yüksəkvəzifəli üzvü, Nebraskadan olan respublikaçı konqresmen Don Beykon Rusiyanın Ukraynadakı ABŞ dəstəkli laboratoriyalarda bioloji silah tədqiqatları aparılması barədə iddialarını yada salıb.
"Ukraynanı hədəf alanların biolaboratoriyalarla bağlı iddialarını xatırlayıram. Bu, Rusiyanın dezinformasiya əməliyyatlarının ən bariz nümunəsi idi. Amma reallıqda biolaboratoriyalar elə Rusiyanın özündədir", – Beykon sosial mediada yazıb.
Rusiya Vaşinqton və Kiyevi Ukraynada bioloji silah obyektləri işlətməkdə ittiham edir. Hər iki hökumət bu iddiaları rədd edir, müstəqil araşdırmalar isə bu iddiaları təsdiqləyən sübut aşkarlamayıb.
Bununla belə, Sovet İttifaqı 1972-ci il Bioloji Silahlar Konvensiyasına qoşulsa da, Soyuq müharibə dövründə hücum məqsədli geniş bioloji silah proqramı həyata keçirib. Qərbə sığınan şəxslərin ifadələri və bəzi araşdırmalar taun törədicisi daxil olmaqla, müxtəlif patogenlərlə bağlı hərbi tədqiqatları sənədləşdirib. Hətta antibiotiklərə davamlı ştamların hazırlanmasına cəhd göstərildiyi də bildirilir.
İrkutskdakı hadisənin baş verdiyi laboratoriyada taunun silah olaraq hazırlanmasına və ya əməkdaşın ölümünün hücum təyinatlı bioloji silah proqramı ilə əlaqəsinə dair açıq sübut yoxdur.
İllinoysdan olan keçmiş respublikaçı konqresmen Adam Kinzinqer Rusiya ilə hava əlaqələrini tamamilə kəsməyə çağırıb. "Bütün dünya Rusiyaya və Rusiyadan BÜTÜN uçuşları qadağan etməlidir", – Kinzinqer sosial mediada yazıb.
O, sonradan durum aydınlaşanadək Rusiyadan uçuşların dayandırılmasına və Rusiya vətəndaşlarının digər ölkələrə girişinin qadağan edilməsinə çağırıb.
İrkutskda nə baş verib?
Hadisə İrkutsk Taun Əleyhinə İnstitutunda qetdə alınıb.
Sibirin müstəqil "Lyudi Baykala" nəşrinin yaydığı məlumata görə, 28 yaşlı laborant Darya Şipilova sentyabrın 25-də institutda işləyərkən içərisində ağciyər taunu bakteriyaları olan sınaq şüşəsini təsadüfən sındırıb. Xəbərə görə, o, sonradan ağır xəstələnib və oktyabrın 2-də ölüb.
Rusiya hakimiyyəti bu məlumatı rəsmən təsdiqləməyib.
Rusiyanın "Rospotrebnadzor" istehlakçı hüquqlarına və ictimai sağlamlığa nəzarət qurumu bildirib ki, Şipilovaya "mənşəyi bilinməyən pnevmoniya" diaqnozu qoyulub. Açıqlamaya görə, onun peşə fəaliyyəti nəzərə alınaraq əlavə müayinələr aparılıb, amma işi ilə əlaqəli hər hansı mikroorqanizm aşkarlanmayıb.
"Rospotrebnadzor" institutda patogen mikroorqanizmlərlə bağlı hər hansı qəzanın qeydə alınmadığını da bildirib. Buna baxmayaraq, rəsmi qurumlar ehtiyat tədbirlərinə əl atıblar. Şipilova ilə təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb və ya təcrid edilib. Regiondakı xəstəxanalarda isə məhdudiyyətlər tətbiq olunub.
Bu tədbirlər müxtəlif ehtimalların yayılmasına yol açıb. Rusiya rəsmiləri əvvəlcə taun barədə açıq danışmaqdan yayınsalar da, yerli və müstəqil mənbələr taun törədicisi olan "Yersinia pestis" bakteriyası ilə bağlı mümkün laboratoriya qəzasından bəhs edirlər.
"Rospotrebnadzor" İrkutskda və yaxınlıqdakı Şelexov şəhərində epidemioloji vəziyyəti "sabit" adlandırıb.
Ağciyər taunu nədir?
Taun xəstəliyini, adətən, vəhşi gəmiricilər və birələr arasında yayılan "Yersinia pestis" bakteriyası törədir. Onun ağciyər forması birbaşa ağciyərləri zədələyir, yaxın təmas zamanı tənəffüs damcıları vasitəsilə insandan insana keçə bilir.
Xəstəlik sürətlə inkişaf edir, amma müasir antibiotiklərlə vaxtında aparılan müalicə yüksək təsir göstərə bilir.
AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki, Şipilova ilə yaxın təmasda olan şəxslərin müəyyənləşdirilərək nəzarətə götürülməsi qərarını məhz ağciyər taunu ehtimalı izah oluna bilər. Amma karantin və müşahidə tədbirləri onun mütləq tauna yoluxması və ya xəstəliyin yayıldığı anlamına gəlmir.
Hazırda İrkutsk sakinləri arasında xəstəliyin daha geniş kütləyə yoluxmasına dair ictimaiyyətə açıq və təsdiqlənmiş sübut yoxdur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












