Mehriban Rəhimliyə hökm oxunub
Tarix: Bu gün, 18:27
Uzun illər ABŞ-nin Alman Marşall Fondunun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimliyə 4 il sınaq müddəti olmaqla, 7 il 6 ay şərti cəza verilib.
Civilazerbaijan.com bildirir ki, oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
51 yaşlı M.Rəhimli 2025-ci ilin əvvəlindən Baş Prokurorluqda yerli və beynəlxalq təşkilatlarla bağlı (QHT işi) istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunmuş 20-yə yaxın vətəndaş cəmiyyəti təmsilçisindən biridir. O, Alman Marşall Fondundan alınmış vəsaiti qrant kimi dövlət qeydiyyatından keçirməməkdə və xidmət müqaviləsi ilə rəsmiləşdirməkdə təqsirləndirilir. Buna görə ona qarşı cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər maddələrlə ittiham irəli sürülüb.
M.Rəhimli isə bu ittihamların tamamilə əsassız olduğunu bildirir. O, oktyabrın 7-də hökmdən qabaq son sözündə də vurğulayıb ki, Alman Marşall Fondunda işlədiyi 18 il ərzində xidmət müqaviləsi əsasında maaş alıb: "Aylıq maaş mənim bank hesabıma köçürülüb, vergisi də vaxtında ödənilib. Bunu necə qrant kimi təqdim etmək olar? 18 il ərzində hər ay qrant almaq olar?!".
Vəkil Cavad Cavadov da çıxışında bildirib ki, sözügedən vəsait qrant olsaydı belə, qrant müqaviləsinin qeydiyyatdan keçirilməməsinə görə qanunvericilikdə yalnız inzibati məsuliyyət nəzərdə tutulub. Bu əməl cinayət məsuliyyəti yaratmır.
Prokuror M.Rəhimliyə 8 il şərti cəza verilməsini təklif etmişdi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












