Strasburqda Siyasi Mühacirlərin və Sürgündəki Media təmsilçilərinin Konqresi keçirilib
Tarix: Dünən, 20:28
Sentyabrın 26-da Fransanın Strasburq şəhərində Azərbaycanlı Siyasi Mühacirlərinin və Sürgündəki Media təmsilçilərinin Birinci Konqresi keçirilib.
Civilazerbaijan.com bildirir ki, Konqresdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən mühacir təşkilatlarının, media qurumlarının nümayəndələri, müstəqil siyasətçilər və jurnalistlər iştirak edib.
Konqresin işi zamanı Elman Fəttah, Əfqan Muxtarlı, Qənimət Zahid, Çingiz Sultansoy, Səməd Rəhimli, Cəsur Sümərinli, Surxan Lətifov və digərləri məruzələrlə, Arif Yunus, Sevinc Osmanqızı və Arif Şahmarlı onlayn çıxış ediblər. Daha sonra toplantı iştirakçıları ondan artıq məruzə ətrafında müzakirələr aparıblar.
İştirakçılar həmçinin Avropa İttifaqı, Avropa Şurası, ATƏT, demokratik hökumətlər, beynəlxalq maliyyə institutları, investorlar və mediaya ünvanlanmış qətnamə qəbul ediblər.
Qətnamədə Azərbaycan hakimiyyəti siyasi hüquq və azadlıqları sistemli şəkildə məhdudlaşdırmaqda ittiham olunur və ölkədə gedən proseslərə beynəlxalq səviyyədə daha güclü diqqət yetirilməsi tələb olunur. Daha sonra qeyd olunur ki, Azərbaycanda siyasi hüquq və azadlıqlar "faktiki olaraq ləğv edilib", onlar yalnız qanunvericilikdə və ölkənin beynəlxalq öhdəliklərində formal olaraq qalmaqdadır. Həmçinin bildirilib ki, müstəqil vətəndaş cəmiyyəti təşkilatları dağıdılıb və ya ölkəni tərk etməyə məcbur edilib, müstəqil media isə təzyiqlərə məruz qalıb ki, bu da bir çox media qurumunu və jurnalisti fəaliyyətini xaricdən davam etdirməyə vadar edib.
İştirakçılar tədbirin sonunda növbəti, daha geniş formatlı Konqresin keçirilməsi ilə bağlı qərar qəbul ediblər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər














