Avropa Məhkəməsindən Hüseyn Abdullayevlə bağlı QƏRAR

Xəbərin çap versiyası
Tarix: 28-08-2024, 14:52


Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin səhhətinin ağır olması ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi avqustun 27-də onunla bağlı qərar qəbul edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Hüseyn Abdullayevin vəkili Cavad Cavadov məlumat verib.

Hüseyn Abdullayevin vəkili Məhkəmə Qaydalarının 39-cu maddəsinə əsaslanaraq, onun sağlıq durumunun ağırlığı ilə əlaqədar Avropa Məhkəməsinə ərizə göndərmişdi. Ərizədə sabiq deputatın təcili müalicəsi üçün tədbirlər görülməsi istənilmişdi. Avropa Məhkəməsi də sözügedən ərizə ilə əlaqədar komunnikasiya prosesi başlatmış, Azərbaycan hökumətinə sorğu göndərmişdi. Hökumət sorğu cavab verib, bir sıra sənədlər də göndərib.

Hər iki tərəfin göndərdiklərini nəzərdən keçirən Avropa Məhkəməsi avqustun 27-də qərar qəbul edib.

“Təəssüf ki, elementar tibbi yardım hüququnu bəzən Avropa Məhkəməsi vasitəsi ilə tələb etməli oluruq. Məhkəmə qərarında Azərbaycan hökumətinə göstəriş verir ki, Hüseyn Abdullayevin indiki halda stasionar və ya ambulator müalicəyə, yaxud hər hansı təcili tibbi müdaxiləyə ehtiyac olub-olmadığını müəyyən etmək üçün əlavə hərtərəfli müayinələrdən keçirilsin. Əlavə müayinələrin nəticələri və ərizəçinin sağlamlıq vəziyyəti, ona göstərilən müalicə, həmçinin səhhəti ilə bağlı yeniliklər barədə Azərbaycan hökuməti Avropa Məhkəməsinə məlumat verməlidir. Eyni zamanda, Məhkəmə Qaydalarının 41-ci maddəsinə əsasən, Hüseyn Abdullayevin işinə prioritet qaydada baxılması qərara alınıb”, – vəkil Cavad Cavadov bildirib.



Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Keçmiş deputat Bakı Hərbi Məhkəməsinin 2019-cu ilin oktyabrında çıxardığı hökmə əsasən, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.

Cəzasının başa çatmasına ayyarım qalmış – bu ilin martında onun barəsində yenidən cinayət işi başlanıb. Ona bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsilə ittiham verilib. O, bir neçə ölkədə külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilir.

İddia olunur ki, Hüseyn Abdullayev özü və ailə üzvlərinin adlarına Azərbaycandakı banklarda açılmış 7 hesab vasitəsilə ümumilikdə 5.5 milyon manatdan çox pulu həm yerli, həm də xarici banklardakı hesablara köçürüb, yaxın qohumunun adına Azərbaycanda daşınmaz əmlaklar alıb. Bu yolla da külli miqdarda vəsaiti leqallaşdırmaqda təqsirləndirilir.

Lakin sabiq deputat ittihamı qəbul etmir. O, özünü təqsirli bilmədiyini bildirib. Barəsindəki cinayət işinə gəlincə, hesab edir ki, onu həbsdə saxlamaq üçün saxta iş hazırlayıblar.
Hüseyn Abdullayevə ittiham verilən Cinayət Məcəlləsinin 193-1.3.2 maddəsində 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Bu, Hüseyn Abdullayev haqqında üçüncü cinayət işidir. İlk dəfə o, 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı. Azadlığa çıxandan sonra Almaniyaya mühacirət edən keçmiş deputat 2014-cü ildə orada sığınacaq almışdı, Meydan TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz