REAL Partiyasına yeni sədr seçilib

Xəbərin çap versiyası
Tarix: 23-09-2024, 13:05


Respublikaçı Alternativ (REAL) Partiyasına yeni sədr seçilib.

Civilazerbaijan.com
bildirir ki, partiyadan verilən məlumata görə, sentyabrın 21-də keçirilən seçkilərdə REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli sədr seçilib. O, partiya sədri olaraq oktyabrın 1-dən fəaliyyətə başlayacaq.

N.Cəfərli də xəbəri təsdiqləyib. O, bildirib ki, yaxın günlərdə mətbuat konfransı keçiriləcək və tədbirdə partiyanın gələcək addımları ilə bağlı açıqlamalar veriləcək: "Amma ümumilikdə ilkin yanaşma budur ki, ölkədəki ictimai-siyasi vəziyyəti və siyasi proseslərə marağın az olduğunu nəzərə alaraq bu marağın artırılmasının, vətəndaş iştirakçılığın yüksəldilməsinin müxtəlif yollarını düşünüb tətbiq etməyə çalışacağıq. Yeni strukturlar da, çox güman ki, qurulacaq, yeni müzakirə platformaları təsis ediləcək. Üzvlük strategiyamızı da daha açıq və yumşaq edəcəyik".

Qeyd edək ki, Natiq Cəfərli 1972-ci ildə anadan olub.

O, 1988-ci ildə Sankt-Peterburq (o vaxt Leninqrad) Dövlət İqtisad Universitetinə daxil olub, bir il yarımdan sonra Azərbaycan İqtisad Universitetində təhsilini davam etdirib.

Natiq Cəfərli Meydan TV-yə siyasi fəaliyyətə 2008-ci ilin dekabrında REAL Hərəkatının təsis edilməsi ilə başladığını bildirib:

“2009-cu ilin yanvarından isə hərəkatın qurucu üzvlərindən və ilk icra katibi kimi fəaliyyətə başlamışam”.

O, sədr seçilməsi ilə bağlı oktyabrın əvvəlində mətbuat konfransı keçirəcəyini vurğulayıb.

Sentyabrın 11-də REAL Partiyasının sədri İlqar Məmmədov vəzifəsindən istefa verib.

İlqar Məmmədov qərarını MSK-nın onun şikayətini rədd etməsi ilə əsaslandırıb:

“Mərkəzi Seçki Komissiyası (MSK) təqdim etdiyi əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair onun şikayətini rədd edib. Nəticə etibarı ilə, 2023-cü ildə söz verdiyim kimi, REAL Partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL Partiyasına yeni rəhbər seçəcək. Həmin ərəfədə yekun video müraciətim də olacaq”.

REAL Partiyası 2008-ci ildə hərəkat olaraq təsis edilib.

2018-ci ildə hərəkat partiyaya çevrilib, bununla bağlı virtual olaraq keçirilən qurultayda 254 nümayəndə iştirak edib.

Partiya 2020-ci ildə dövlət qeydiyyatına alınıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz