TƏBİB deputatın oğlundan 1,2 milyon manata anbar icarəyə götürdü
Tarix: 20-10-2024, 15:08
"İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (Bir mənbədən) qalibi fərdi sahibkar Cavanşir Orxan Cavanşir oğlu (VÖEN – 1404799542) olub.
"Yeniavaz.com" xəbər verir ki, fərdi sahibkar Cavanşir Orxan TƏBİB-in tabeliyində olan "İnnovasiya və Təchizat Mərkəzi”nə bir il müddətinə (17.09.2024-17.09.2025) ümumi sahəsi 12 552 kv. metr olan ofis və anbar sahəsini icarəyə verəcək.
Qeyd olunan ofis və anbar sahəsinin icarəsi üçün "İnnovasiya və Təchizat Mərkəzi” Cavanşir Orxana 1 milyon 176 min manat (1 kv. metr – 94 manat) ödəyəcək.
Əvvəlki illərdə də Cavanşir Orxan eyni məbləğə (1 milyon 176 min manata) "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” ofis və anbar kompleksi icarəyə verib.
1994-cü il təvəllüdlü Cavanşir Orxan millət vəkili Cavanşir Feyziyevin oğludur.
Cavanşir Feyziyev və onun ailə üzvlərinin – həyat yoldaşı Pərvanə Feyziyeva, oğlu Orxan Cavanşir və qardaşı oğlu Elman Cavanşirin adı Böyük Britaniyada "çirkli pulların” yuyulmasında hallanıb.
2021-ci ildə Britaniyada Cinayətkarlıqla Mübarizə Agentliyi ailənin bank hesablarında olan 15 milyon funt-sterlinqi (o zamankı məzənnə ilə 34,7 milyon manat) "çirkli pul” sayıb.
Daha sonra məhkəmə prosesi keçirilib və Britaniya məhkəməsi 5,6 milyon funt-strelinq məbləğində vəsaitin mənbəyini şübhəli hesab etdiyi üçün müsadirə edib.
Müsadirə edilən vəsaitin 4,4 milyon funt-sterlinqi Pərvanə Feyziyevanın, 1 milyon funt-sterlinqi Orxan Cavanşirin, 240 min funt-sterlinqi isə Elman Cavanşirin hesabından müsadirə edilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər