Aİ-nin BMT-dəki nümayəndəliyi Azərbaycandakı jurnalistlərə azadlıq tələb edir

Xəbərin çap versiyası
Tarix: 11-11-2024, 17:08


Noyabrın 8-də Avropa İttifaqının (Aİ) BMT və ATƏT-dəki nümayəndəliyi Jurnalistlərə Qarşı Cinayətlərə görə “Cəzasızlığa Son Qoyulması Günü” münasibətilə bəyanat yayıb.

Civilazerbaijan.com
bildirir ki, bəyanatda münaqişələri, böhranları və fövqəladə halları işıqlandıran jurnalistlərin durumuna diqqət yönəldilərək bəyan edilib ki, media azadlığı və jurnalistlərin təhlükəsizliyi vacib komponentlərdir və onsuz nə təhlükəsizlik, nə də demokratiya ola bilər:

“Ona görə də 2018-ci ildə Milanda Nazirlər Şurasının Qərarına əsasən jurnalistlərə qarşı törədilən hücumlara və cinayətlərə görə cəzasızlığa son qoymaq üçün təsirli tədbirlər görmək öhdəliyi götürülüb. Bununla belə ATƏT məkanında bir çox jurnalistlər öz vəzifələrini son dərəcə təhlükəli kontekstlərdə yerinə yetirirlər. Təhdidlər, təqiblər, özbaşına həbslər, zorakılıq və hətta qətllər davam edir. Bu, yolverilməzdir və dayandırılmalıdır. Qətllərin sayından və jurnalistlərə qarşı törədilən cinayətlərə görə cəzasızlığın hədsiz dərəcədə yüksək olmasından dərin narahatlığımızı davam etdiririk”.

Sənəddə bildirilib ki, Azərbaycanda müstəqil jurnalistlərin siyasi motivli ittihamlarla həbslərində narahatedici artım müşahidə olunur:

“”Abzas Media”, “Toplum TV”, “Kanal 11” və “Kanal 13″ media orqanlarının əməkdaşlarının həbslərini xatırlamaq yetər. Biz Azərbaycanı ATƏT qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq bütün vətəndaşları üçün lazımi prosesləri təmin etməyə və fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısının azad etməyə çağırırıq”.

Bəyanatda COP29 sammitinin Azərbaycan üçün azad və müstəqil vətəndaş cəmiyyətinin, media mənzərəsinin qorunmasına sadiq olduğunu nümayiş etdirmək üçün bir fürsət olduğu vurğulanır.

Bəyanatda həmçinin Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü haqda məlumat verən jurnalistlərin hər gün risk altında olduqları qeyd olunur:

“Rusiyada əsassız yerə həbsdə olarkən ölən ukraynalı jurnalist Viktoriya Roşçina ilə bağlı operativ, effektiv və qərəzsiz araşdırma aparılmalıdır. Eyni zamanda, Rusiya tərəfindən işğal olunmuş ərazilərində, o cümlədən Krımda jurnalistlərə qarşı təqiblərə son qoyulmasını tələb edirik”.

Həmçinin bəyanatda Belarusda, Qırğızıstanda jurnalistlərin həbsləri də pislənilir, Meydan TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz