Hüquq müdafiəçisi Anar Məmmədlinin həbs müddəti uzadılıb

Xəbərin çap versiyası
Tarix: 20-11-2024, 16:40


Bu gün, noyabrın 20-i Xətai rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin istintaq gedişində həbs müddətini daha 3 ay artırıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə məlumat verən vəkil Elçin Sadıqov qeyd edib ki, A.Məmmədlinin həbs müddətinin artırılması ilə bağlı Bakı şəhər Prokurorluğu təqdimat və vəsatət vermişdi.

Eyni zamanda, Xətai rayon Məhkəməsində A.Məmmədlinin həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı müdafiə tərəfinin vəsatətinə də baxılıb. Amma bu vəsatət təmin edilməyib.

Müdafiə tərəfi hesab edir ki, A.Məmmədlinin həbs-qətimkan tədbirinin müddətinin uzadılması da, həbsi də siyasidir.

Vəkil E.Sadıqov vurğulayıb ki, A.Məmmədlinin deməsinə görə, səhhətindəki problemlər şiddətlənməyə doğru gedir: "Anara hər hansı müalicə göstərilmir və o, müayinələrdən keçirilmir. Bizə demişdilər ki, o, müayinələrdən keçirilib, amma bu gün - noyabrın 20-də o bu məlumatları təkzib etdi və bildirdi ki, ondan hər hansı bir analiz götürülməyib. Biz bununla bağlı məhkəməyə müraciət etmişdik, məhkəmə bizim vəsatətimizi təmin etməyib. Bu qərardan da apellyasiya şikayəti veriləcək".

Müdafiə tərəfinin açıqlamasına Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi və başqa uyğun qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

A.Məmmədli bu il aprelin 29-da saxlanıb. Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Buna qədər sonuncu dəfə avqustun 22-də Xətai rayon Məhkəməsi onun həbs müddətini 3 ay artırmışdı.

A.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir.

SMDT rəhbəri A.Məmmədli bundan əvvəl 2013-cü ilin sonlarında saxlanmışdı. O, həmin vaxt vergidən yayınma və başqa ittihamlar ilə 5 il 6 ay müddətinə həbs edilmişdi. Amma onda da ittihamları qəbul etməyib. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıblar.

Məmmədli 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Qaçaqmalçılıq…

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Sonra onların bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqdan, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıqdan, vergidən yayınmaqdan, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadədən gedir. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz