Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı məlum olub

Xəbərin çap versiyası
Tarix: Bu gün, 17:51


Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.

Civilazerbaijan.com
bildirir ki, bu barədə bu gün - noyabrın 27-də Mərkəzi Seçki Komissiyasının iclasında məlumat verilib.

Qeyd edək ki, azad edilən ərazilərdə tam məskunlaşma bitmədiyinə görə bu ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək. Bələdiyyə seçkiləri 118 saylı Ağdam - Xocalı, 120 saylı Cəbrayıl - Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa - Ağdam - Xocavənd, 125 saylı Zəngilan - Qubadlı seçki dairələri istisna olmaqla 118 seçki dairəsində təşkil olunacaq.

Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir.

Xatırladaq ki, 2024-cü il oktyabrın 18-də Milli Məclis “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.

Milli Məclis 1400 bələdiyyənin birləşdirilərək ümumi sayının 685-ə endirilməsini təsdiqləyib. Noyabrın 25-də isə Prezident İlham Əliyev qanunu təsdiqləyib.

Azərbaycanda indiyə qədər 6 bələdiyyə seçkisi keçirilib. Bu da 1999, 2004, 2009, 2011, 2014 və 2019-cu illəri əhatə edir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.

Seçki Məcəlləsinə əsasən, bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. İndiyədək həmişə bu seçkilər dekabrda olub.

Bəzi ekspertlər Bələdiyyə seçkilərinin keçirilməsi vaxtının uzadılmasını qanuna zidd hesab edirlər.


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz