Məhkəmə AXCP sədri Əli Kərimlini 1500 manat cərimələyib
Tarix: 2-12-2024, 19:25
Bazar ertəsi Bakının Nəsimi Rayon Məhkəməsində Xalq Cəbhəsi Partiyasının keçmiş üzvü Aydın Əliyevin bu təşkilatın lideri Əli Kərimliyə qarşı iddiası üzrə proses başa çatıb. Xüsusi ittihamçı son çıxışında Kərimlinin 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini tələb edib. Müdafiə tərəfi bəraət hökmü çıxarılmasında israr edib.
Civilayerbaijan.com bildirir ki, məhkəmə Əli Kərimlini CM-in 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilərək, 1500 manat (təxminən 900 ABŞ dolları) cərimə edib.
"Bu hökm əsassız, qanunsuz və ədalətsizdir. Əli Kərimlinin fikirlərində 147.1-ci maddənin əlaməti olmayıb. Onun fikirləri ümumi, qiymətləndirmə xarakteri daşıyırdı. Məhkəmə ümumiyyətlə işi icraata götürməməli idi", deyə vəkil Fəxrəddin Mehdiyev Turan-a bildirib.
Onun sözlərinə görə, AİHM-nin Azərbaycanla bağlı presedent qərarları var və bənzər hallarda Strasburq Məhkəməsi bu cür hökmləri ifadə azadlığına xələl gətirən hökmlər hesab edib.
Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.
Kərimli özü məhkəmənin hökmünü hüquqla əlaqəsi olmayan "sifarişli qərar" adlandırıb.
"Azərbaycan hakimiyyəti bu uydurma işə 4 ay ərzində baxıb, lakin Azəraycan və dünya ictimaiyyəti onu ciddi qəbul etmir. Hamı başa düşüb ki, hakimiyyət sadəcə olaraq öz rəqibini absurd ittihamla həbs etməyə çalışır",deyə Kərimli bildirib.
"Mənim Aydın Əliyev haqqında fikrim həqiqətdir və heç bir şəkildə onun şərəf və ləyaqətini alçaltmır", deyə Kərimli qeyd edib.
AXCP-nin keçmiş üzvü Aydın Əliyev Kərimlini Azərbaycan CM-in 147.1-ci (böhtan) maddəsi ilə məhkəməyə vermişdi. O, Kərimlinin məhkəmənin AXCP-nin qurultayının qərarını Aydın Əliyevin şikayətindən sonra ləğv etdiyi haqqında şərhini "böhtan" adlandırıb.
Xüsusən, Kərimliyə qarşı onun aşağıdakı fikirləri ilə əlaqədar iddia irəli sürülüb: "Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib... Partiyaya zorla bərpa edilmiş həmin şəxsin şikayəti əsasında 05.07.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsi 24.06.2023-cü il tarixli qurultayın 287 "lehinə", bir "əleyhinə" səslə qəbul edilmiş qərarlarını etibarsız sayıb", Turanın məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər