Kremldən təyyarə qəzası ilə bağlı AÇIQLAMA
Tarix: 27-12-2024, 15:35
Kreml istintaqın nəticələrinə qədər Aktau şəhəri yaxınlığında Azerbaijan Airlines şirkətinin sərnişin təyyarəsinin qəzaya uğramasına hər hansı qiymət verməyəcək.
Civilazerbaijan.com bildirir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
"Bu aviasiya hadisəsinin araşdırılması gedir və istintaqın yekunlarına əsasən gəlinəcək nəticələrə qədər özümüzü hər hansı qiymətləndirmə verməyə borclu hesab etmirik. Və bunu etməyəcəyik", - TASS Peskovdan sitat gətirib.
“Bu təyyarəni Rusiyanın hava hücumundan müdafiə sistemi vurduğu üçün aviafəlakətə görə üzr istənilməsilə bağlı azərbaycanlı deputat Rasim Musabəyovun tələbini Kremldə gördülərmi?” sualının cavabında Peskov deyib ki, "əlbəttə, gördülər". “Dediklərimə əlavə edəcək bir şey yoxdur", - Peskov deyib, Turanın məlumatında qeyd olunur.
Qeyd edək ki bundan öncə deputat Rasim Musabəyov Turana deyib ki, Rusiya tərəfi hadisəyə görə üzrxahlıq etməlidir.
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
Deputat qeyd edib ki, Rusiyada kimlərsə bununla bağlı izləri irirmək üçün mediada müəyyən hərəkətlər edirlər: "Nahaq edirlər. Azərbaycan höküməti isə mövqeni ortaya qoymaqla deyir ki, indi zəhmət çəkin, bildirin. Durub hansısa izləri itirmək üçün mediada kampaniya aparmaq lazım deyil. Hər şey olur, bu hadisələr, çox təəssüf ki, olur. Ancaq buna adekvat reaksiya lazımdır". R.Musabəyov vurğulayıb ki, bu hadisə ilə bağlı üzrxahlıq olmalıdır: "Bunu törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir, kompensasiya ödənilməlidir. Bu olmadığı halda, təbii ki, münasibətlər ayrı müstəviyə keçir".
Deputat 2020-ci ildə 44 günlük müharibəsi zamanı vurulan Rusiya helikopter məsələsini xatırladaraq qeyd edib ki, Azərbaycan üzr istədi və günahkarları məsuliyyətə cəlb ediləcəyini bəyan etdi və kompensasiya ödədi: "Sivil münasibət budur. HHM işləyirsə aeroport bağlanmalıdır, xəbər verilməlidir ki, bura heç kim uçmasın. Bunu da etmədilər. Ona görə də məsuliyyət daşınmalıdır".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər