Nikol Paşinyanın İlham Əliyevə CAVABI
Tarix: Dünən, 19:18
Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin yanvarın 7-də Azərbaycanın televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi bəyanatlara münasibət bildirib.
Civilazerbaijan.com bildirir ki, Nikol Paşinyan Prezident İlham Əliyevin Ermənistana qarşı “sərt bəyanatları” ilə bağlı suala cavabında deyib ki, ola bilsin, Bakı regionda eskalasiyanı “qanuniləşdirməyə” çalışır.
“Ola bilsin ki, Bakı regionda yeni eskalasiya üçün “legitimlik” yaratmağa çalışır. Yerevandan aqressiv cavabların gələcəyi ümidi ilə aqressiv bəyanatlar verilir ki, bu da Bakıya öz bəyanatlarını daha aqressiv etmək, Ermənistan ordusunun atəşkəs rejimini pozması ilə bağlı yalan məlumatların yayılması ilə əlaqələndirərək “məntiqli əsaslandırma” yaratmaq imkanı verəcək. Biz bu yolla getməyəcəyik, sülh strategiyasına sadiq qalacağıq və sülh gündəmini ardıcıl olaraq həyata keçirməyə davam edəcəyik. Biz bundan sonra da sərhədlərin demarkasiyası, sülh müqaviləsinin mətninin razılaşdırılması, “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi, humanitar məsələlər, o cümlədən itkin düşənlərin taleyinin aydınlaşdırılmasına diqqət yetirəcəyik”.
Paşinyan İlham Əliyevin Ermənistanı “faşist dövləti” adlandırmasına münasibətində deyib ki, bu fikirlər gərginliyi artırmağa hesablanıb.
Baş nazir bildirib ki, Ermənistan sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsinin həlli yollarını təklif edib.
“Azərbaycandan müsbət cavab olarsa, müqaviləni imzalamağa hazırıq”, – Paşinyan qeyd edib.
Azərbaycan Prezidentinin “Zəngəzur dəhlizinın” açılacağı ilə bağlı dediklərinə gəlincə, Paşinyan bildirib ki, Ermənistan “Dünyanın kəsişməsi” layihəsini masaya qoyub və həyata keçirməyə hazırlaşır:
“Bizim gündəmimizdə başqa layihə yoxdur. “Dünyanın kəsişməsi” regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasını, o cümlədən Ermənistan ərazisindən Azərbaycan-Azərbaycan və Azərbaycan ərazisindən Ermənistan marşrutu üzrə kommunikasiyaların açılmasını nəzərdə tutur. Artıq demək imkanım olub ki, biz Azərbaycana Yerasx-Sədərək-Ordubad-Meğri-Zəngilan dəmir yolunun açılması ilə bağlı çox konkret təklif vermişik. Bu, təklifdən çox, konkret məsələlərin konkret həllidir və biz Azərbaycandan müsbət reaksiya gözləyirik, bundan sonra razılıq əldə olunacaq, kağıza yazılacaq və biz bölgəmizdə dəmir yolunun tikintisinə başlayacağıq”.
İlham Əliyevin Ermənistanın silahlanmasının regionda gərginlik yaradacağı fikrilərinə gəlincə, Baş nazir bildirib ki, Ermənistan ordusunun islahat proqramında qeyri-legitimlik elementləri yoxdur:
“Bu mövzuya dəfələrlə toxunmuşam ki, Ermənistan bütün qonşularının, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycandan da Ermənistanın ərazi bütövlüyünün aydın və qeyd-şərtsiz tanınmasını gözləyir. Biz Azərbaycanın işğal etdiyi Ermənistanın 200 kvadrat kilometrdən çox ərazisini hərbi yolla qaytarmaq vəzifəsini qoymuruq, çünki demarkasiya prosesi bu məsələni sülh, danışıqlar yolu ilə həll etməyə imkan verir. Bütün bunları qeyd etməklə, heç kim Ermənistanın müdafiə qabiliyyətli orduya malik olmaq hüququna etiraz edə bilməz. Silah məsələsinə gəlincə, Azərbaycanın silahları ilə bağlı bizim də narahatlıqlarımız var və onların da narahatlığını eşitmişik. Məhz bu səbəbdən biz Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizminin formalaşdırılması təklifi ilə çıxış etmişik və onların cavabını gözləyirik”.
Nikol Paşinyan həmçinin yanvarda iki ölkənin delimitasiya komissiyasının görüşünün planlaşdırıldığını təsdiq edib.
“Əminəm ki, 2024-cü ildə demarkasiyanın müsbət təcrübəsi sakit, iş mühitində inkişaf etdirilməlidir. Biz bu cür işə sadiqik”, – Baş nazir deyib.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib. Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib. Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb, Meydan TV-nin məlumatında qeyd edilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər