Qubad İbadoğlunun şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirildiyi bildirilir

Xəbərin çap versiyası
Tarix: Dünən, 21:03


Ev dustaqlığında olan iqtisadçı Qubad İbadoğlunun hüquqlarının məhdudlaşdırıldığı deyilir. İqtisadçı bildirib ki, ona aid şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.

Civilazerbaijan.com
bildirir ki, onun sözlərinə görə, həbsdən ev dustaqlığına buraxıldıqdan sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən qaytarılan şəxsiyyət vəsiqəsi artıq işləmir.

Ona məxsus şəxsiyyət vəsiqəsi ilə Azərbaycan qanunvericiliyində nəzərdə tutulan notarial qaydada etibarnamə vermək və ya əldə etmək hüququ məhdudlaşdırılıb.

Mobil notarius və ASAN xidmət sistemində Qubad İbadoğlu adı ilə heç bir əməliyyat aparmaq mümkün deyil. Sistemə FİN məlumatlarını daxil edərkən, “daxil olmuş FİN əsasında vəsiqə məlumatı tapılmadı” cavabı verilir.

İbadoğlu bildirib ki, ona məxsus şəxsiyyət vəsiqəsi 2031-ci il avqustun 4-dək etibarlı olsa da, hazırda o, bu sənəddən istifadə edə bilmir.

“Yaranmış problemlə bağlı Daxili İşlər Nazirliyinə onlayn müraciət olunsa da, problem həll edilmir”, – Qubad İbadoğlu bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov “Turan”a bildirib ki, Qubad İbadoğlunun şəxsiyyət vəsiqəsi ilə bağlı heç bir məhdudiyyət tətbiq edilməyib. O, əlavə edib ki, İbadoğlunun şəxsiyyət vəsiqəsinin etibarsızlığı məsələsi yoxdur.


Foto: “Turan”

London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin İbadoğlu bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora özləri yerləşdirib, sonra da götürüblər.

Həmin ilin avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

2024-cü il aprelin 22-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz