İsrail mətbuatı Bakıdakı sui-qəsd planına görə İranı qınayır
Tarix: Bu gün, 13:43
Yanvarın 14-də Azərbaycanda saxlanılan şəxslərin yəhudi icmasının üzvlərinə sui-qəsd təşkil etdiyi bildirilir.
Civilazerbaijan.com bildirir ki, bu barədə İsrailin “Kan” ictimai televiziya və radio şirkəti məlumat yayıb.
Kanal yazır ki, Azərbaycanda ölkənin yəhudi icmasının yüksək vəzifəli şəxslərinə sui-qəsd təşkil etməyi planlaşdıran iki şübhəli saxlanılıb.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ötən gün yaydığı açıqlamada bildirib ki, terroru planlaşdıran şəxslərdən biri Gürcüstan vətəndaşı Aqil Aslanov, digəri isə Azərbaycan vətəndaşı Ceyhun İsmayılovdur.
DTX onların başqa bir ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşdüyünü, 200 min dollar müqabilində Azərbaycanda olan dini icma üzvünə sui-qəsd təşkil etmək sifarişi aldıqlarını açıqlayıb.
“Kan” yaydığı məlumatda sifarişi verən ölkənin İran olduğunu ehtimal edir.
Azərbaycan yəhudi icmasındakı mənbə “Kan”a bildirib ki, hədəf əsasən Azərbaycanla İsrail arasında əməkdaşlığı fəal şəkildə təşviq edən tanınmış şəxs olub.
“İran yerli agentləri fəal şəkildə yəhudi və İsrail hədəflərinə hücum etmək üçün cəlb etməyə çalışır”, – deyə kanal yazır.
Meydan TV-nin məlumatına görə, yanvarın 14-də İsrail Milli Təhlükəsizlik Şurası ölkə vətəndaşlarına bu cür cəhdlərə qarşı ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər