Jurnalist Fərid İsmayılov həbs olunub
Tarix: 17-01-2025, 20:55
Toplum TV-nin işi üzrə polis nəzarətində olan jurnalist Fərid İsmayılov yanvarın 17-də saxlanılıb və Xətai Rayon Məhkəməsinə aparılıb.
Civilazerbaijan.com bildirir ki, vəkil Zibeydə Sadıqova məlumat verib ki, Xətai Rayon Məhkəməsi Fərid İsmayılov barəsində 2 ay 20 gün - aprelin 6-dək həbs qətimkan tədbiri seçib.
İstintaq İsmayılovun həbsini ittihamın ağırlaşdırırılması və jurnalistin polis nəzarəti qətimkan tədbirinin şərtlərinə əməl etməməsi əsaslandırıb. Onun guya polisə xəbər vermədən rayonlara getdiyi iddia edilir.
Lakin İsmayılov bunun doğru olmadığını, mütəmadi olaraq polisə gedib qeydiyyatdan keşdiyini deyib. O, heç bir təqsirinin olmadığını bildirib. Bundan əlavə, onun səhhətində problemlər var.
Fərid İsmayılov barəsində həbs qərarı verilən məhkəmədə köynəyini çıxararaq, bədənindəki çoxsaylı əməliyyat izlərini hakim Fuad Axundova göstərib.
O bildirib ki, hərbi xidmətdə aldığı xəsarət nəticəsində dəfələrlə əməliyyat olunub və hazırda səhhətində ciddi problemlər var.
“Mən ümumilikdə 7 dəfə əməliyyat olunmuşam. Bunun 6 dəfəsi ürəyimdən və ağciyərimdən olub. Siz mənim haqqımda bu qərarı verməklə məni ölümə göndərirsiniz”, – Fərid İsmayılov hakimə deyib.
Buna baxmayaraq, hakim Fuad Axundov jurnalistin həbsi üçün prokurorun verdiyi təqdimatı təmin edib.
Vəkil Zibeydə Sadıqova bildirib ki, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, urnalist Fərid İsmayılov “Toplum TV” ilə bağlı cinayət işi üzrə təqsirləndirilən 9 nəfərdən biridir.
Onunla yanaşı, “Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video redaktoru Müşfiq Cabbar, III Respublika Platformasının spikeri Akif Qurbanov, Platformanın Qurucu Heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynalov da 2024-cü il martın 6-dan həbsdədir.
Daha bir nəfər gənc fəal Elmir Abbasov da “Toplum TV” ilə bağlı cinayət işi üzrə təqsirləndirilir, barəsində istintaq dövrü üçün həbsə alternativ qətimkan tədbiri seçilib.
Həbsdə olan digər çoxsaylı jurnalistlər kimi, “Toplum TV” əməkdaşlarına qarşı da qaçaqmalçılıq ittihamı irəli sürülüb. Lakin onlar özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər