Sevinc Vaqifqızı həbsxanada yenidən təzyiqə məruz qalıb
Tarix: 24-01-2025, 20:58
“AbzasMedia”nın bir ildən çoxdur həbsdə saxlanılan baş redaktoru Sevinc Vaqifqızı Bakı İstintaq Təcridxanasında yenidən zorakılığa məruz qalıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə məlumatı “AbzasMedia” yayıb.
Həbsdə olan jurnalist ailəsinə bildirib ki, zəng etmək üçün gedərkən həmkarı Elnarə Qasımovanın saxlanıldığı kameranın nəfəsliyinə yaxınlaşıb salam vermək istəyib.
Bu zaman Aygül Babayeva adlı nəzarətçi onun qolunu şiddətlə sıxaraq divara doğru itələyib.
“Elnarə də etiraz etdi ki, bizimlə belə davrana bilməzsiniz. Hamı nəfəslikdən danışır. Bircə bizə olmaz? Nəzarətçi dedi ki, yox, sizə olmaz. Bizə qarşı ayrı-seçkilik edilir. Hamı nəfəsliklə bir-birilə danışır. Elə yanımızda bir məhbus qadın digər kameranın nəfəsliyinə yaxınlaşıb oradakı qızla söhbət edirdi. Onun yanından düz keçir və yaxınlaşıb demir ki, nəfəslikdən danışmaq olmaz. Amma mənə qarşı bu, zorakılıqla edilir. Qolumu sıxır, üstümə qışqırır və bu şəkildə aparılıram”, – Sevinc Vaqifqızı deyib.
“AbzasMedia”nın əməkdaşları bir ildən çoxdur 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılırlar və bu, jurnalistlərə qarşı ilk zorakılıq halı deyil.
Ötən ilin noyabrında nəşrin həbsdəki baş redaktoru Sevinc Vaqifqızı, reportyorları Nərgiz Absalamova və Elnarə Qasımova kameralarının nəfəsliklərinin bağlanmasına etiraz edəndə onlara qarşı zor tətbiq olunmuşdu. Nəzarətçilər Sevinc Vaqifqızının qolunu nəfəsliyin qapısı arasında qoyub göyərtmişdilər. Buna etiraz edən Nərgiz Absalamova isə nəzarətçi Əzizə Məmmədova tərəfindən təhqir edilmişdi.
Vahid adlı nəzarətçi isə məhbuslara hədə-qorxu gələrək onlardan Elnarə Qasımovanın əleyhinə məcburi ifadələr almışdı. Onlardan tələb olunmuşdu ki, ifadələrində jurnalistin nəzarətçini vurduğunu gördüklərini yazsınlar. Sevinc Vaqifqızının sözlərinə görə, bununla Elnarə Qasımovanı provokasiyaya çəkmək və onun barəsində yeni cinayət işinin açılmağına nail olmaq istəyirlər.
Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “AbzasMedia”ya bildirib ki, şikayət rəhbərliyə məruzə ediləcək. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən “AbzasMedia”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.
2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
2024-cü il mayın 31-də isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. İyunun 1-də ona qarşı “AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.
Daha sonra bu iş üzrə həbs edilənlərlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20- yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər