Azərbaycanda insan haqlarının vəziyyətinə dair ümid əlaməti yoxdur - AMNESTY İNTERNATİONAL
Tarix: 27-01-2025, 20:28
Amnesty International növbəti hesabatını yayaraq Azərbaycanda insan hüquqlarının vəziyyəti, o cümlədən ifadə azadlığı, birləşmək və dinc toplaşmaq hüquqlarının yersiz məhdudlaşdırılması ilə bağlı narahatlığını ifadə edib.
Civilazerbaijan.com bildirir ki, hesabatda hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı repressiyalar, ölkədə insan hüquqlarının müstəqil monitorinqi və hesabatının effektiv şəkildə qadağan edilməsi məsələləri yer alıb.
Sənəddə vurğulanır ki, ədalətli məhkəmə hüquqlarının pozulması və məhkəmədən siyasi məqsədlərlə istifadə geniş şəkildə yayılıb.
Eyni zamanda, hüquq müdafiəçilərinin və hökumətin tənqidçilərinin - Anar Məmmədli, Qubad İbadoğlu, Tofiq Yaqublu, Rüfət Səfərov, İqbal Əbilov və Bəhruz Səmədovun əsassız həbs edildiyi bildirilir. Həmçinin, bu yaxınlarda "Meydan TV"nin altı jurnalistinin həbs edilməsindən bəhs edilir.
Məruzənin digər bir hissəsi məhbuslara qarşı işgəncə, amansız rəftar və tibbi yardım göstərilməsindən imtinaya həsr olunub.
"Həbs yerlərində işgəncələr və digər amansız rəftar növləri geniş yayılıb, bunlar polis və istintaq orqanlarının əməkdaşları tərəfindən törədilir. Müstəqil şikayət mexanizmi, həmçinin qurbanların ədalətli məhkəmə və səmərəli müdafiə vasitələrinə çıxışı yoxdur.
Hökumətin demək olar ki, bütün tənqidçiləri həbsxanada işgəncə və amansız rəftar haqqında məlumat verir. Bu şikayətlər səmərəli şəkildə araşdırılmır", sənəddə bildirilir.
Nümunə kimi "Abzas Media"nın jurnalistləri Sevinc Vaqifqızı və Nərgiz Absalamovaya qarşı təzyiqdən bəhs edilir.
“Həbs edilmiş bir neçə jurnalist və fəalın səhhətlərində ciddi problemləri var və onlara zəruri tibbi yardımın göstərilməsindən imtina edilir".
Amnesty İnternational Azərbaycanda toplaşmaq azadlığının məhdudlaşdırılmasına da diqqət çəkir, "on ildən çoxdur ölkədə dinc etirazların faktiki olaraq qadağan edildiyini" qeyd edir.
Təşkilat bildirir ki, Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yaxşılaşmasının heç bir əlaməti yoxdur. Sənəddə beynəlxalq ictimaiyyətə "Azərbaycanda insan hüquqlarının sistemli və ciddi pozuntularını qətiyyətlə pisləmək" çağırışı yer alıb.
Azərbaycan höküməti nə deyir?
Azərbaycan hökuməti hələlik bu hesabata münasibət bildirməyib. Ancaq rəsmi Bakı bir qayda olaraq, beynəlxalq insan haqları təşkilatlarının hesabatlarındakı tənqidləri qəbul etmir və qərəzli adlandırır.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsinə müsahibəsində 2024-cü ildə Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti şərh edərkən bildirib ki, ötən il insan hüquqları baxımından çox ağır il olub.
Onun fikrincə, insan hüquqları, vətəndaşların konstitusion hüquqlarının fundamental olaraq realizə olunması ilə bağlı ciddi problemlər mövcuddur.
"Burada həm hərəkət azadlığı ilə bağlı, bilirsiniz ki, artıq beş ildir ölkədən insanların çıxışı ilə bağlı problemlər var. Bunu ört-basdır etmək mümkün deyil. Hətta hökumətin özü də dəfələrlə etiraf edib ki, sərhədlər bağlıdır. Bu da insanların hərəkət hüquqlarının pozulmasıdır. O cümlədən, digər hüquqlarla bağlı, xüsusən fundamental azadlıqlarla bağlı, toplaşmaq, birləşmək hüququnun pozuntusu ilə bağlı problemlər qalmaqdadır. Təbii ki, hökumət bu problemlərin olduğunu ya inkar edir və yaxud, bəzən dolayısı yolu ilə təkzib etməyə çalışır", o qeyd edib.
Yerli və beynəlxalq insan hüquqları təşkilatları fəalların və jurnalistlərin həbsini siyasi motivli hesab edir, hökumətin 2023-cü ilin noyabrından başlayaraq ölkədəki tənqidi səslərə qarşı “misli görünməmiş repressiyalar” həyata keçirdiyini vurğulayır, Amerikanın Səsinin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər