Qazaxıstandan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin HESABAT
Tarix: Dünən, 22:43
Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc edib.
Civilazerbaijan.com bildirir ki, 53 səhifəlik hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.
Sənəddə təyyarə qəzasından sonra əldə edilmiş uçuş reqistratorlarından (“qara qutular”) daxil olmaqla məlumatların təhlili əsasında ekspertlərin ilkin qənaətləri təqdim olunur.
Məlum olub ki, ekipaj ilk dəfə yerli vaxtla saat 05:13:31-də problemlərlə üzləşib – zərbə olub və avtopilotun bağlanması siqnalı işə düşüb.
“Təyyarənin qalıqlarına ilkin baxış zamanı füzelyajın (təyyarənin gövdəsi) arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı deşik və zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı, eləcə də digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir. İstintaq Komissiyası təyyarənin hidravlik sisteminə nüfuz edən xarici obyektlərin zədələrini aşkar ediblər”, – hesabatda deyilir.
Bildirilir ki, bu zədələrin nəticəsində hidravlik təzyiq itkisi baş verib. Stabilizatorun idarəedici naqillərində də zədə aşkar edilib, ehtimal ki, buna da xarici obyektlərin müdaxiləsi səbəb olub.
“Bu zədələrin nəticəsində birinci və ikinci trim kanallarının işləməməsi olacaq. Komissiya Braziliya, Azərbaycan və Qazaxıstan hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə əlavə məhkəmə ekspertizası üçün zədələrdə qala biləcək kənar obyektlərin çıxarılması üzrə tədbirlər həyata keçirib. Nəticədə, deşiklərdən çox sayda kənar obyekt çıxarılıb, – hesabatda deyilir.
Əlavə olunub ki, xarici obyektlərin mənşəyi xüsusi araşdırmalar və müayinələrlə müəyyən ediləcək.
Hesabatda həmçinin pilotların hava hərəkəti dispetçerləri ilə söhbətlərinin stenoqramları, hava limanı məlumatları və hava haqqında məlumatlar da var.
Komissiya GPS siqnal itkilərinin qeydə alındığı bölgələrə uçuşların risk qiymətləndirilməsinin aparılmasını tövsiyə edib.
AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Hadisədən üç gün sonra Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək “Rusiya hava məkanında baş vermiş faciəvi insident”ə görə üzrxahlıq edib.
Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına (AZTV) müsahibəsində təyyarənin Rusiya tərəfindən vurulduğunu deyərək bir sıra ittihamlar səsləndirib.
O bildirib ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər