Jurnalist Şəmşad Ağa "Meydan TV işi" üzrə saxlanılıb

Xəbərin çap versiyası
Tarix: 5-02-2025, 17:32


Jurnalist Şəmşad Ağa fevralın 5-də gecə 2 radələrində polis tərəfindən saxlanılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə onun vəkili Şəhla Hümbətova məlumat verib.

Şəhla Hümbətovanın məlumatına görə, jurnalist "Meydan TV işi" ilə bağlı şübhəli şəxs kimi tutulub. Vəkil bildirib ki, jurnalistin evində axtarış aparılıb, axtarış nəticəsində onun telefonları, kompüteri götürülüb. Hümbətovanın sözlərinə görə, Şəmşad Ağa "qaçaqmalçılıq" ittihamı ilə tutulub.

Jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə məlumatında qeyd edib ki, gecə müstəntiq və 7-8 maskalı polis əməkdaşı evdə axtarış aparıb:

"Qapını açanda Şəmşadı gördüm. Polislər evimizə girdilər, hər yeri axtardılar. Şəmşadın köhnə telefonunu, mənim telefonumu, yaddaş kartlarını, bir neçə köhnə diski, kompüteri, modemi, Şəmşada aid olan jurnalist vəsiqələrini götürdülər. Daha sonra protokol tərtib etdilər. Şəmşad yalnız dedi ki, onu tutublar. Hansı işlə bağlı tutduqları barədə bir söz demədi".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov jurnalistin saxlanması barədə məlumatı Amerikanın Səsinə təsdiq edib.

"Şəmşad Ağa "Meydan TV işi" üzrə şübhəli şəxs qismində saxlanılıb. O qaçaqmalçılıqda ittiham olunur", mətbuata xidmətinin əməkdaşı qeyd edib.

Ötən il iyulun 5-də "Arqument.az" xəbər saytının rəhbəri Şəmşad Ağa Bakı Şəhər Baş Polis İdarəsində "Toplum TV işi" üzrə şahid qismində dindirilib. İstintaq orqanı şifahi şəkildə onun ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

"Meydan TV işi" üzrə nə baş verib?

2023-cü il dekabrın 6-da "Meydan TV"nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın jurnalistləri Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Deko, media əməkdaşı Ülvi Tahirov həbs olunub. Dekabrın 8-də Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.

"Meydan TV" jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

"Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub", bəyanatda qeyd edilib.

"Meydan TV" 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.

Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə "Meydan TV" haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində "Meydan TV"nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabına dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev tez-tez öz çıxışlarında ölkədə azad mətbuatun, həmçinin insanların internetə azad çıxışının olduğunu bəyan edir, Amerikanın Səsinin məlumtında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz