Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Tarix: 5-02-2025, 18:37
Jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı bildirilir.
Civilazerbaijan.com bildirir ki, yaxınlarının verdiyi məlumata görə, onun yaşadığı mənzildə də axtarış aparılıb.
Jurnalistin hansı cinayət işi və Cinayət Məcəlləsinin hansı maddəsi üzrə saxlanıldığı məlum deyil. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
2024-cü ilin martında bu nəşrə qarşı cinayət işi qaldırıldıqdan və demək olar ki, əməkdaşların hamısı həbs edildikdən sonra Bəylərqızı bir neçə dəfə dindirilib. Hələlik saxlanmanın səbəbi məlum deyil. İlkin məlumatlara görə, bu, “Toplum” TV-yə qarşı cinayət işilə əlaqədardır.
Şahnaz Bəylərqızının saxlanması ilə bağlı hüquq mühafizə orqanları hələlik açıqlama verməyib.
Bu gün daha bir jurnalist -“arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) saxlanılıb.
Şəmşad Ağa “Meydan TV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.
2023-cü ilin noyabrından bu yana Azərbaycanda 30-dan artıq jurnalist həbs olunub.
Onların arasında “Meydan TV”, “AbzasMedia”, “Toplum TV”, Kanal 13”, “meclis.info” kimi tənqidçi media orqanlarının rəhbərləri və çoxsaylı əməkdaşları var.
Jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Lakin onlar bu ittihamı rədd edir, jurnalist fəaliyyətlərinə, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər
