Daha bir qrup Azərbaycan vətəndaşı Almaniyadan deportasiya olunub

Xəbərin çap versiyası
Tarix: 7-02-2025, 16:43


Azərbaycan vətəndaşı olan 45 nəfər Almaniyadan geri qaytarılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Məlumata görə, bu geri qaytarılma “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində baş tutub.

“DMX tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir”, məlumatda deyilir.

Rəsmi məlumatda deyilir ki, onlar əsasən Almaniya, İsveç, Yunanıstan, Macarıstan, Çex və Fransadan geri qəbul edilmiş şəxslərdir. Proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

Ötən il (yanvar-noyabr) 383 nəfər Azərbaycana readmissiya olunub.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2500-dək vətəndaşın Azərbaycana readmissiyası baş tutub və daha iki minədək şəxsin readmissiyası gözlənilir.

Ölkəyə readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunub. Həmin şəxslər həbslərinin səbəblərini xarici ölkələrdə Azərbaycanla bağlı etiraz aksiyalarında iştirak etmələri, sosial şəbəkələrdə tənqidi fikirləri ilə əlaqələndirir.

Azərbaycan hüquq mühafizə orqanları isə fəalların həbsinin törətdikləri cinayət əməlləri ilə bağlı olduğunu bildirir.

Bu şəxslərin hamısı yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Eyni zamanda 2024-cü ilin noyabrına olan rəsmi məlumatına əsasən, ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi agentliyi (ICE) tərəfindən yekun deportasiya əmri alan 1,4 milyon ABŞ vətəndaşı olmayan insan arasında 700-dən çox Azərbaycan vətəndaşı da var.

ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi agentliyinin yaydığı sənəddə deyilir ki, 709 Azərbaycan vətəndaşı ilə bağlı yekun deportasiya əmri verilib, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz