ABŞ Konqresinə Qubad İbadoğlu barədə qətnamə təqdim edilib
Tarix: 8-02-2025, 13:38
Fevralın 6-da ABŞ Konqresinin 22 üzvü hazırda ev dustaqlığında olan iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə bağlı Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib.
Civilazerbaijan.com bildirir ki, bu barədə ABŞ Konqresinin congress.gov rəsmi saytında qeyd edilib.
Sənədin müəllifləri Azərbaycan hökumətinin doktor Qubad İbadoğluna qarşı münasibətini pisləyir və onun dərhal azadlığa buraxılmasına çağırırlar.
Adı çəkilən sənəddə Qubad İbadoğlunun səhhətinin həbsdən sonra xeyli pisləşməkdə davam edildiyi, ona vəziyyətinə görə adekvat tibbi yardım göstərilmədiyi, həbsdə olarkən dəfələrlə hüquq məsləhətçisinə çıxışa və ədalətli mühakimə olunmasına icazə verilmədiyi qeyd edilib.
Bundan əlavə Komitəyə təqdim edilən sənəddə Qubad İbadoğlunun “heç bir sübut olmadan çoxsaylı cinayət əməllərində” əsassız ittiham edildiyi bildirilir.
Bildirilib ki, o , 2024-cü ilin aprel ayına qədər Bakı İstintaq Təcridxanasında son dərəcə bərbad şəraitdə saxlanılıb, sonra ev dustaqlığına buraxılıb və ona Bakını tərk etmək qadağan edilib.
Konqres üzvləri sənəddə qeyd edib ki, İbadoğlunun səhhəti xeyli pisləşməkdə davam edir və ona lazımı tibbi yardım göstərilmir.
“Qubad İbadoğlunun hərəkəti məhdudlaşdırılır, o, ailəsindən və akademik işindən təcrid olunur, ailəsi təqib və təhdidlərə məruz qalır, onun həbsdə saxlanması insan haqlarının ciddi şəkildə pozulmasıdır.
Bütün bunları nəzərə alaraq, “Konqres İbadoğluna qarşı rəftarı pisləyir, onun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır və dövlət katibini Azərbaycan hökuməti ilə bütün əlaqələrdə doktor İbadoğlunun azad edilməsini yüksək prioritet hesab etməyə çağırır”, - deyə qətnamədə qeyd olunur.
Azərbaycan bu qətnamə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.
Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb. İbadoğlunun ölkədən çıxışına qadağa qoyulub.
Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılmasına icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib. Buna baxmayaraq İbadoğlu müayinə və müalicə üçün xaricə buraxılmır.
Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Rəsmi Bakı cinayət işinin siyasi motivli olduğuna dair fikirlərin "kökündən yanlış və qəbuledilməz" olduğunu bildirir, Amerikanın Səsinin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər
