Siqarət biznesi olan məmur İlham Əliyev tərəfindən yeni vəzifəyə təyin edilib
Tarix: 12-02-2025, 22:07
Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi barədə Sərəncam imzalayıb.
Civilazerbaijan.com bildirir ki, “Azərtac”ın məlumatına görə, ölkə başçısı bu vəzifəyə Elnur Şəmistan oğlu Bağırovu təyin edib.
Qeyd edək ki, E.Bağırov 2022-ci il dekabrın 16-da agentliyin rəis müavini vəzifəsinə təyin edilib.
E.Bağırov 1973-cü ildə Bakı şəhərində anadan olub.
1991-1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 1995-ci ildə “Philip Morris” şirkətində başlayıb və 2000-ci ilədək maliyyə və marketinq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. 2001-2002-ci illərdə “Coca-Cola” şirkətində Azərbaycan, Gürcüstan, Türkmənistan üzrə media meneceri vəzifəsində çalışıb. 2003-2021-ci illərdə “İmperial Tobacco” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində marketinq üzrə menecer, daha sonra isə nümayəndəliyin rəhbəri olaraq fəaliyyət göstərib.
2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsini icra edib. Ailəlidir, 2 övladı var.
Elnur Bağırov həmçinin “RİMTSMA CİQARETTENFABRİKEN GMBH” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təsisçisi və qanuni təmsilçisidir.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına istinadən nizamnamə kapitalının qeyd edilmədiyi şirkət 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hazırki hüquqi ünvanı “PASHA Holding”lə eyni ünvanda (Neftçilər pr., ev 153) qeydiyyatdadır.
Alman şirkəti olan RİMTSMA 1910-cu ildən bəri siqaret istehsalçısıdır və tütün-siqarlar kimi yüksək keyfiyyətli tütün məhsulları ilə tanınır. Hannover şəhərindəki Lanqenhagen fabrikində 1.700-dən çox müxtəlif məhsul istehsal olunur və dünyanın 90-dan çox ölkəsinə ixrac edilir.
RİMTSMA-nın klassik tütün sektorundakı brendləri, o cümlədən JPS, Gauloises, West və Davidoff, onilliklərlə tarixə malikdir və həm Almaniya, həm də beynəlxalq bazardə ən çox tələb olunan markalardandır. Digər məşhur brendlərə R1, Peter Stuyvesant, Ernte 23, Cabinet, Roth-Händle, Reval, R6, Duett, P&S və Gitanes daxildir.
Elnur Bağırov sədr müavini olduğu dövrdə də şirkətin qanuni təmsilçisi kimi iştirak edib. Qanunvericiliyə görə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilmişdir ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Meydan TV-nin məlumatında qeyd olunur ki, bundan başqa Azərbaycan qanunvericiliyinə əsasən icraedici orqan rəhbərlərinin, dövlət məmurlarının, deputatın və onun ailəsinin şəxsi bizneslə məşğul olması qadağandır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər
