Abzas Media əməkdaşlarının Bakı İstintaq Təcridxanasında rüşvət halları ilə bağlı məqaləsi yayımlanıb

Xəbərin çap versiyası
Tarix: 14-02-2025, 21:33


"Abzas Media"nın əməkdaşları - Ülvi Həsənli, Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamova 1 saylı Bakı İstintaq Tərcridxanasında rüşvət hallarının olduğunu iddia edən məqalə ilə çıxış ediblər. "Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov "15 gündür rüşvət almıram" deyəndə 2024-cü il mayın əvvəlləri idi. O, rüşvət almadığı həmin günlərdə artıq 7 il idi təcridxananın rəisi işləyirdi. Onu rüşvətə "yox" deməyə məcbur edən müəmma iki həftəyə aydınlaşdı. Yeni təyin olunan ədliyyə naziri mayın 11-də təcridxanaya baş çəkməyə gələcəkmiş", deyə, fevralın 13-də yayımlanan məqalədə deyilir.

Civilazerbaijan.com
bildirir ki, məqalədə deyilir ki, təcridxana rəisi təcridxanın əməkdaşlarını toplayıb "bundan sonra kimin rüşvət alması ilə bağlı şikayət gəlsə, onu qorumayacağam, işdən azad edəcəyəm" deyib:

"Həmin ərəfədə işçilərin bəziləri vəzifələrindən azad olunmuş, yeni rəis müavini təyin olunmuşdu. İclasdan fikirli halda çıxan işçiləri aldıqları 600-800 manat maaşla necə dolanacaqları qayğısı bürümüşdü. Məhbuslar isə təcridxananın rüşvətsiz işləyə biləcəyinə inanmırdı. Telefon günü olmasa da, ayda 200 manat rüşvət qarşılığında hər gün telefona çıxan qadın məhbuslara da "yox" deyilmişdi. Onlar isə "bəlkə rüşvətin məbləği qaldırılıb" düşüncəsi ilə daha çox pul təklif edirdilər. Amma yenə də üzlərinə qapı açılmırdı".

"Abzas Media" əməkdaşları iddia edirlər ki, bu hadisədən sonra artıq telefon günü olan məhbuslar qapıları döyüb narazılıq etmirdilər ki, "niyə növbəsi olmayanlar telefona çıxır, onların günü olsa da, telefonsuz qalıblar?".

"Görüşdən gələn qadın məhbusların ciblərindəki pula toxunulmurdu. Otağını dəyişmək istəyən məhbuslara "2 nəfərlik kameraya keçmək üçün 200 manat verməlisən" deyilmirdi. Çalışırdılar ki, məhbuslar arasındakı problemi narazılıq olmadan həll etsinlər. Təcridxananın səs-küylü dəhlizlərinə sakitlik çökmüşdü. Hər kəsi bir sual düşündürürdü: "Bu, nə vaxta qədər davam edəcək?" Təcridxananın içində sakitlik olsa da, bayırda təmir işlərinin səsi ətrafı bürümüşdü. Dibçəklər gətirilir, otlar kəsilir, divarlar rənglənirdi. Təcridxana qonaq qəbul etməyə hazırlaşırdı", - jurnalistlər qeyd edir.

Jurnalistlərin sözlərinə görə, mayın 11-də bu qonağın yeni təyin edilmiş ədliyyə naziri Fərid Əhmədov olduğu aydınlaşıb:

"Qadın məhbuslar qapıların gözlüklərindən baxıb nazirin korpusa gəlişini gözləyirdilər. Nazir isə heç bir məhbusla danışmadan gülə, çiçəyə, yeni kəsilən otlara baxıb getdi. O, gedəndən təxminən bir ay sonra psixoloq və korpusun rejim rəisinin otağında rüşvət yığımı davam etməyə başladı. Səhər qapılar açılan kimi növbəsi olmayanlar yenə telefonun başına yığışdılar. Ailələri ilə görüşdən qayıdanlar "yoxlama" adı ilə psixoloq otağına salınıb "bu qədər pul sənin nəyinə lazımdır?" deyən nəzarətçilərə, psixoloqa, baş nəzarətçiyə, rejim rəisinə 10, 20, 30, 50 manat verib otaqdan çıxdılar. Burada məhbuslardan alınan rüşvətin miqdarı onların imkana görə artıb-azalır".

Həbs olunan "Abzas Media" əməkdaşları qeyd edir ki, təcridxanada 10 dəqiqəlik telefon danışığına görə 10 manatı alınan məhbus da var , 5 manatı alınan da.

"Məhbusun iki nəfərlik kameraya yerləşdirilməsi üçün 200 manat da alınıb, 300, 500 manat da. 4-5 nəfərlik səliqəli, sakinləri mehriban olan kameralara isə 100 manata məhbus yerləşdirilir. Otaq yoldaşlarımız təcridxananı tərk etdiklərinə görə, artıq deyə bilərik ki, 40-cı kameraya yerləşdirilən 2 məhbus qadından rüşvət istənilmişdi. Onlara rahat, səliqəli otaq verildiyi deyildiyini deyən baş nəzarətçi Nəzakət Məmmədova "hörmət" [rüşvət] istəmişdi. Hazırda təqaüddə olan Məmmədova bunu həmin vaxt rejim rəisi olan mayor Ədalət Qurbanovun istədiyini demişdi. Ədalət Qurbanovla söhbətimizdə o, rüşvət istədiyini inkar etmişdi. Amma ailələri ilə şüşə arxasından deyil, üzbəüz görüşmək istəyən məhbusların da əlləri ciblərində olmalıdır", deyə, təcridxanada monitorinq aparan jurnalistlər bildirir.

Məqalədə qeyd olunur ki, "həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanunun 12.1.12-ci bəndində "həbs edilmiş şəxsin müdafiəçisi, qanuni nümayəndəsi, yaxın qohumları və əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşlərinin təmin edilməsi" hüququ var, lakin məhbuslar dayıları, xalaları ilə şüşə arxasından görüşmək üçün 200 manatdan keçməlidirlər:

"Burada həkimdən müalicə almaq da rüşvətlə həll olunur. Sistem

qoşdurmaq 20 manat, müalicə müəssisəsinə göndəriş almaq 200-500 manat aralığında dəyişir. Rüşvət aldığını inkar edən həkim Güney Həsənova otağındakı ağ arakəsmənin arxasında pul alarkən bunun şkafının güzgüsündən əks olunduğunu unudur. Üstəlik neçə olursa, ailələrin məhbuslara göndərdiyi dərmanların bir neçəsi yoxa çıxır. 27-73 manatlıq dərmanları "itib" adı altında mənimsənilir", - "Abzas Media" əməkdaşları məqaləyə davam edir.

Onlar bildirirlər ki, təcridxanada saxlanılan məhbus Kəmalə Məmmədova da bu halla qarşılaşıb.

" Məhbus deyirdi ki, bir neçə müddətdir həm yuxusuzluqdan əziyyət çəkirəm, həm də saçımın bir hissəsi topa halda tökülür. Artıq qorxmağa başladım və həkimə müraciət etdim. Bir neçə sual-cavabdan sonra mənə həm yuxu problemini, həm də saç tökülməsini dayandırmaq üçün iynə-dərman yazdı. Yaxınlarıma məlumat verdim, onlar da dərmanları alıb gətirdilər. Amma onların hamısı mənə çatmadı, digər hissəsi Güney həkimdə qaldı", – deyə Kəmalə Məmmədova bildirib.

Məqalədə qeyd olunur ki, Kəmalə Məmmədova əlində olan dərmanları 5 gün istifadə edə bildiyini, qalanlarını həkim göndərmədiyi üçün müalicəsinin yarımçıq və nəticəsiz qaldığını deyib.

"Təcridxanada məhbusdan pul qoparmaq üçün psixoloqun vəkillik peşəsini də icra etdiyini görə bilərik. Psixoloq Təranə Quliyeva apellyasiya şikayəti yazmaq üçün qadın məhbuslardan 30 manat alır. Məhbuslar təkcə pullarından yox, bir çox hallarda ərzaqlarından da pay verməyə məcbur olurlar. Nəzarətçilər çox vaxt naharlarını bəzi kameraların məhbuslarına tapşırırlar ki, onlara yemək bişirsinlər. Bu yeməklər çox vaxt məhbusların öz ərzaqları ilə hazırlanır. Təcridxanada hər pula da yaxın durmurlar. Görüşdən qayıdan otaq yoldaşlarımızdan biri nəzarətçiyə 5 manat verib "çay içərsiniz" demişdi. Nəzarətçi isə "sağ ol, amma çöldə 5 manata çay yoxdur" demişdi. Bununla məhbuslar həbsdə olduqları müddətdə bayırdakı qiymət artımından da xəbər tutmuş olurlar".

Jurnalistlər iddia edirlər ki, məhkəməyə gedən məhbusun təcridxananın gözləmə yerində nə qədər gözləyəcəyi də pula bağlıdır:

"Azı 10 manat verməlisən ki, səni günorta baş tutacaq məhkəmənə səhər 8-dən kameradan çıxarıb, aparıb saatlarla siqaret qoxuyan otaqda gözlətməsinlər. Üstəlik də havasız, dar kabində deyil, "Fiat Doblo" maşınında aparılmaq üçün də rüşvət istənilir. Təcridxanaya "Doblo" maşınları veriləndə dustaqlar sevinirdilər ki, məhkəməyə rahat maşında gedib-gələcəklər. Amma bu maşınlara ilk dəfə minən məhbuslardan Penitensiar Xidmətin əməkdaşları “şirinlik” istəmişdilər. Dustaqlardan biri bunun toy maşını yox, məhbus maşını olduğunu əməkdaşa izah etmişdi".

Jurnalistlər məqalədə təcridxanada rüşvətə zəmin yaradan hallardan da söz açıblar.

"Qanunla həbs edilmiş şəxslərin şəxsi hesabları olmalıdır və bu hesablara yaxınları pul köçürməlidir. Təcridxanaya nağd pul daxil olmamalıdır, amma qanunun bu bəndi pozulur. Pul baratları əvəzinə görüş yerində açılan balaca deşik vasitəsilə təcridxanaya böyük pullar axır. Görüş yerində icazə verilən məbləğdən artıq pul keçirmək istəyən kişi məhbusların "rəisin xəbəri var, icazə verib" deməsindən sonra pulun buraxıldığının şahidi olmuşuq. Rəis yüksək məbləğdə pulların təcridxanaya buraxılmasına ona görə razılaşır ki, onun müəyyən hissəsi dolayı yolla onun cibinə yol tapır", - "Abzas Media" əməkdaşları qeyd edir.

Onlar məqalədə qeyd edirlər ki, rəis Elnur İsmayılov ildə bir dəfə rejim qaydalarına əməl edən nümunəvi məhbuslara "təşəkkürnamə" verir. Jurnalistlər iddia edirlər ki, həmin məhbuslar təcridxana işçilərinə yüksək məbləğdə rüşvət verənlər arasından seçilir:

"Təşəkkürnamənin məhbusların məhkəmə prosesinə xeyir edəcəyini, əgər cəzaçəkmə müəssisəsinə gedərlərsə, orada da onların işinə yarayacağını deyirlər. Rəisin "təşəkkürnamə"si də əslində pul tələsindən başqa bir şey deyil. "Təşəkkürnamə" məhbuslara 20 manata başa gəlir. Həbsxana rəhbərliyinin qeyri-qanuni gəlirlərindən biri də təsərrüfat bölməsindəki məhkum işçilərin müraciətlərini məhkəməyə göndərmək üçün təşkil etdikləri komissiyadır. Məhkum işçilər cəzalarının üçdə iki hissəsini çəkdikdən sonra təcridxanadakı bu komissiyaya 500 manat "hörmət" etdikdə onlar nümunəvi və islah olunmuş hesab edilir".

"Abzas Media" jurnalistləri qeyd edir ki, həmin məhbuslar barəsində məhkəməyə müsbət xasiyyətnamə, təqdimat göndərilir və onlar məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa çıxa bilirlər.

"Nümunəvi məhkumsansa, islah olmusansa, "təşəkkürnamə"lərin varsa, ancaq 500 manatın yoxdursa, deməli, sən komissiyaya düşə, müsbət təqdimatla məhkəməyə müraciət edə və vaxtından əvvəl azadlığa çıxa bilməzsən. Təcridxana rəhbərliyinin digər bir rüşvət çarxı da yeni gələn məhbusların ətrafında fırlanır. "Kars-karantin" deyilən bölmənin rəisi, İlqar adlı mayor məhbuslar gələn kimi onların ciblərini boşaltdırır və üstlərindəki pulun miqdarını öyrənir. Sonra həmin pulun 70-80 faizini məhbusun əlindən alır və "halallıq istəyir". 100 manatın varsa, 70 manatını, 200 manatın varsa, 150 manatı İlqarın cibinə gedir", deyə, məqalədə iddia olunur.

Jurnalistlər bildirir ki, İlqar adlı şəxs məhbuslardan karantindən tez çıxması üçün 200-300 manat tələb edir:

"Yeni məhbusların bir hissəsi də tarakan yuvası, anti-sanitariya, dözülməz şəraitdə olan karantin kameralarında qalmamaq üçün bu “xidmətdən” istifadə edib ən qısa vaxtda oradan qaçırlar. Əlbəttə ki, bütün bu proseslər rəis Elnur İsmayılovun iradəsi, nəzarəti çərçivəsində baş verir və onun nə qədər rüşvət pəhrizində qaldığını göstərir".

Öz növbəsində məqalədə əks olunanlarla bağlı Amerikanın Səsinin sorğusuna cavabda Penitensiar Xidmət bildirib ki, iddialar həqiqəti əks etdirmir.

"Məqalədə irəli sürülən iddiaların əsası yoxdur", Penitensiar Xidmətin cavabında deyilir, Amerikanın Səsinin məqaləsində qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz