BBC hökumətin göstərişi ilə Bakıdakı ofisini bağladığını bildirib - XİN-dən REAKSİYA
Tarix: 20-02-2025, 21:53
BBC News fevralın 20-də yaydığı bəyanatında deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədə ofisini bağlamaqla bağlı “könülsüz qərar” qəbul edib.
Civilazerbaijan.com bildirir ki, BBC News Azərbaycanca bu barədə bəyanat yayıb.
“Azərbaycan Xarici İşlər Nazirliyinin şifahi göstərişinə uyğun olaraq, BBC – könülsüz də olsa – ölkədəki ofisini bağlamaq və əla jurnalistlərinin Bakıda fəaliyyətini dayandırmaq qərarına gəlib”, BBC ingilis və azərbaycan dillərində yaydığı bəyanatda vurğulayıb.
BBC sözçüsü “mətbuat azadlığına qarşı bu məhdudlaşdırıcı addımdan dərin təəssüf hissi” keçirirdiklərini deyib.
“Bu addım bizim ölkə daxilində və xaricindəki auditoriyalarımız üçün Azərbaycana və Azərbaycandan xəbər verməyimizə əngəl törədəcək. Hər həftə təxminən 1 milyon insan BBC News Azərbaycancadan etibarlı qərəzsiz xəbərlər alır. Biz Azərbaycan hökuməti ilə əlaqə saxlayırıq ki, onların göstərişinə aydınlıq gətirək və vəziyyəti həll etməyə çalışaq”, sözçü bildirib.
BBC həmçinin əlavə edib ki, Azərbaycan dilində xəbər verməyə davam edəcək.
BBC News yazır ki, Azərbaycanda dövlətin nəzarətində olan mediada BBC Azərbaycancanın fəaliyyətini dayandırması barədə xəbərlər yayılıb və xəbərlərdə bu, BBC Azərbaycanca əməkdaşlarının sayının bir nəfərə endirilməsi tələbilə izah olunub.
Ancaq media orqanı Azərbaycan hökumətindən heç bir yazılı məlumat almadığını, Azərbaycan Xarici İşlər Nazirliyinin BBC-nin sorğusuna cavab vermədiyini bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabında BBC-nin açıqlamasını qəbuledilməz adlandırıb.
“BBC-nin ölkəmizdəki nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi məsələsinin siyasiləşdirilməsi, məsələnin mahiyyətinin BBC tərəfindən təhrif olunması, ümumilikdə ikili standartlar yanaşması nəzərə alınaraq media azadlığı məsələsinə dair ölkəmizə qarşı BBC-nin açıqlaması təəssüf doğurur və qəbuledilməzdir,” o deyib.
Hacızadə bildirib ki, BBC-nin Azərbaycandakı ofisinin bağlanması ilə bağlı qərar XİN tərəfindən BBC-nin nümayəndələrinə rəsmi şəkildə çatdırılıb və mövqeyi tam şəkildə izah olunub.
“Azərbaycan Respublikasının bütün xarici ölkələrin media qurumları ilə münasibətlərdə və qərarlarda hər zaman qarşılılıq prinsipini əsas götürdüyü qarşı tərəfə bildirilib. Bu çərçivədə aparılmış təhlillər nəticəsində, eləcə də ölkə qanunvericiliyi, xüsusilə Media haqqında qanunun 11.2 maddəsi əsas götürülməklə BBC-nin ölkəmizdə nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb,” Ayxan Hacızadə əlavə edib.
BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.
Azərbaycan hökumətinin FM dalğalarında xarici radioların yayımını dayandırmaq qərarından sonra 2011-ci ildən etibarən BBC Azərbaycanca radio yayımlarını dayandırıb.
BBC Azərbaycanca bundan sonra onlayn fəaliyyətini genişləndirdiyini, öz saytında, eləcə də, sosial media platformalarında geniş auditoriya qazandığını, izləyicilərinin sayının həftədə bir milyona çatdığını qeyd edib.
Azərbaycanda hökumətə yaxın olan xəbər saytlarında fevralın 13-də yayılan məlumatlara əsasən, “mövcud uyğunsuzluğu” aradan qaldırmaq üçün xarici KİV-lərin ölkədəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlinib.
Həmin yazılarda “düzəlişlərin” “Rossiya Seqodnya”nın bir bölməsi kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” nəşrinə, eləcə də BBC-yə (BBC News Azərbaycanca) təsir edəcəyi qeyd edilib, Amerikanın Səsinin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər