Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb

Xəbərin çap versiyası
Tarix: 26-02-2025, 20:48


Fevralın 26-da Xətai rayon Məhkəməsində “Toplum TV işi” üzrə həbs edilən jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb. Prosesdə məhkəmə vəsatəti təmin təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar verib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə jurnalistin vəkili Bəxtiyar Hacıyev məlumat yayıb.

Şahnaz Bəylərqızı (Hüseynova) fevralın 5-də “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Şahnaz Bəylərqızı “Toplum TV”nin aparıcısı və redaktoru olub. “Toplum TV”yə açılan cinayət işindən sonra isə verilişin yayımı dayandırılıb.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması“nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

İyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib.

“Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci il yanvarın 17-dən barəsində həbs qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması“nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

2024-cü ilin martın 8-də “III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.

2025-ci il yanvarında “Toplum TV işi” üzrə ittihamlar ağırlaşdırılıb.

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz