AİHM-in qərarına görə Azərbaycan hökuməti həbsdə olan jurnalist Aytac Tapdıqa təzminat ödəyəcək
Tarix: 11-03-2025, 21:05
Azərbaycan hökuməti hazırda həbsdə olan jurnalist Aytac Tapdığa 5500 avro dəyərində təzminat ödəməlidir.
Civilazerbaijan.com bildirir ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) jurnalistin 2015-ci ilə aid olan şikayəti üzrə onun xeyrinə qərar verib.
Şikayətə əsasən, 2015-ci ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Aytac Tapdığın yaşadığı evdə məhkəmə qərarı olmadan axtarış həyata keçiriblər və onun şəxsi noutbukunu götürüblər.
Tapdıq məhkəməyə bildirib ki, həmin ilin sentyabrından etibarən “Facebook” sosial şəbəkəsində müxtəlif saxta hesablarda onun şəxsi həyatına dair foto və video materiallar yayılıb.
Jurnalist Avropa İnsan Haqları Konvensiyasına əsaslanaraq onun ədalətli məhkəmə, şəxsi həyata hörmət və özünüifadə azadlığı hüquqlarının pozulduğunu irəli sürüb.
O, həmçinin bildirib ki, hakimiyyət orqanları onun şikayətlərini araşdırmamaqla “effektiv çarə almaq” hüququnu da tapdalayıblar.
AİHM Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət) maddəsinin pozulduğunu tanıyıb.
Aytac Tapdıq ötən ilin dekabrında “Meydan TV işi” üzrə həbs edilib.
Onunla yanaşı bu iş üzrə Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Aytac Umudova, Natiq Cavadlı, Xəyalə Ağayeva, Ramin Deko, Nurlan Libre, Fatimə Mövlamlı, Şəmşad Ağa və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da saxlanılıb. Onlar qaçaqmalçılıqda ittiham edilirlər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər