AXCP-nin daha iki üzvü həbs olunub

Xəbərin çap versiyası
Tarix: 14-03-2025, 15:29


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki fəalı – Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyev dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunublar.

Civilazerbaijan.com
bildirir ki, onlar haqqında həbs qərarından verilən şikayətə martın 13-də Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Zaur Əsgərovun vəkili Nemət Kərimli “Azadlıq” radiosuna bildirib ki, müvəkkili haqqında həbs qərarının əsassız olduğunu düşünür.

“Zaur Əsgərov haqqında həbs-qətimkan tədbiri seçilməsi üçün qanunda göstərilən maddi və prosessual əsaslar yoxdur. Şəxsi həbs etmək üçün ciddi əsas olmalıdır. Belə bir əsas yoxdur. Onu həbsdə saxlamadan da istintaq aparmaq olardı. O, ailə başçısıdır, övladları var”, – vəkil məhkəmədə deyib.

O, Zaur Əsgərovun özünü təqsirli bilmədiyinə də diqqət çəkib.

Apellyasiya şikayəti təmin edilməyib və Binəqədi rayon Məhkəməsinin AXCP üzvləri haqqında qərarı qüvvədə saxlanılıb. Binəqədi Rayon Məhkəməsi hər iki cəbhəçiyə 2 aylıq həbs qətimkan qərarı vermişdi.

Cəbhəçilər martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham verilib. Bu maddədə 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

AXCP üzvlərinin işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Partiyadan bildirilib ki, indi AXCP-nin 15-ə yaxın üzvü həbsdədir. Onlar özlərini təqsirli bilmir, siyasi baxışlarına görə sifarişlə həbs olunduqlarını deyirlər.

Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını, həbs edilənlərin konkret faktlara görə saxlandığını bildirirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz