Toplum TV işi üzrə məhkəmə prosesi başlayıb

Xəbərin çap versiyası
Tarix: 2-04-2025, 15:25


“Toplum TV işi” üzrə məhkəmənin ilk hazırlıq iclası bu gün baş tutub.

Civilazerbaijan.com
bildirir ki, Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatətlərə baxılıb.

Vəkilləri həbs edilənlərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təqdim edib, lakin bu təmin edilməyib.

Ələsgər Məmmədlinin səhhəti ilə əlaqədar verilən vəsatətə isə baxılacağı deyilib.

Məhkəmə prosesi zamanı “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanovun işə yeni qoşulan vəkili Fuad Ağayev cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin hazırlıq iclası aprelin 24-dək təxirə salınıb.

"Toplum TV" 9 ildir Azərbaycanda müstəqil media fəaliyyəti ilə məşğuldur.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV” nin ofisini möhürləyib. “Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.

"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz