Avropa Məhkəməsinin qərarlarını tanımayacağıq - İLHAM ƏLİYEV
Tarix: 9-04-2025, 19:59
Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları tanımayacaq.
Civilazerbaijan.com bildirir ki, bunu Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” adlı forumda çıxış edərkən bəyan edib.
O, bunu Azərbaycanın nümayəndə heyətinin ötən il Avropa Şurası Parlamentlər Assambleyasından (AŞPA) kənarlaşdırılması haqda suala cavab verərkən səsləndirib.
Əliyev deyib ki, əgər nümayəndə heyəti Assambleyanın iclaslarında iştirak etmirsə və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqda çıxardığı qərarlar da etibarsız sayılacaq.
“Biz səsvermə hüququndan məhrum olunmuşuq. O hakimlərə səs verməmişik, kim olduqlarını bilmirik”, o qeyd edib.
AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiqləməyib.
Digər əsaslar Azərbaycanda insan hüquqlarının pisləşən vəziyyəti, jurnalistlərin həbsi, növbədənkənar prezident seçkisini müşahidə etmək üçün quruma dəvət göndərilməməsi, habelə Qarabağda hərbi əməliyyatlar göstərilib.
Assambleyada səsvermədən əvvəl qurumda iştirakını “qeyri-müəyyən müddətə” dayandırdığını bəyan edən Azərbaycanın nümayəndə heyəti baş verənlərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.
Bu ilin yanvarında isə Azərbaycan AŞPA-ya nümayəndə heyəti göndərməyib. (Toplum TV)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər