Tofiq Yaqublunun ictimaiyyətə MÜRACİƏTİ

Xəbərin çap versiyası
Tarix: 2-05-2025, 17:29


Həbsinə etiraz olaraq 32 gündür aclıq edən Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublu ictimaiyyətə müraciət edib.

Civilazerbaijan.com
bildirir ki, müraciəti onun qızı Nigar Həzi özünün “Facebook” səhifəsində paylaşıb.

Siyasətçi bildirib ki, 32 gündür aclıq etməsinə baxmayaraq, qətiyyəti daha da artır:

“Əziz dostlar, bəlkə də sizə sonuncu dəfə müraciət edirəm. Mənə qarşı çıxarılmış qanunsuz, əsassız və absurd ittihama etiraz olaraq keçirdiyim aclıq aksiyası ikinci aya keçdi. Etiraf edim ki, çox ağır və əzablı prosesdir, lakin bunun mənim əzmimə və iradəmə heç bir təsiri yoxdur. Əksinə, günlər keçdikcə qətiyyətim daha da artır”.

Siyasətçi ona qarşı dörd dəfə cinayət işi açıldığını və dəfələrlə inzibati həbsə məruz qaldığını xatırladan Yaqublu, bunun şəxsi həyatına təsirlərindən, 2015-ci ildə ana olan qızı Nərgiz Yaqublunu itirərkən də həbsdə olmasından yazıb.

“2015-ci ildə yenə də qanunsuz və əsassız şəkildə həbsdə olduğum zaman ilk nəvəm dünyaya gəldi. Lakin bu körpənin dünyaya gəlişi bizim ailəyə faciə gətirdi. Mələk balam Nərgiz öz körpəsini görmədən həyatını itirdi. Bu günlərdə ikinci nəvəm dünyaya gələcək. Bu körpənin də dünyaya gəlişi bizim ailənin faciəsinə çevrilə bilər. Həmin ərəfədə mənim həyatımı itirə biləcəyim ehtimalı olduqca yüksəkdir”.

“1993-cü ildən bəri 4 dəfə cinayət ittihamı ilə məhkum olunmuşam və sayını itirdiyim qədər də inzibati həbslərə məruz qalmışam. Bütün bu ittihamlar siyasi sifariş əsasında olub və onların şəxsən İlham Əliyevə nə qədər aidiyyatı varsa, mənə də o qədər aidiyyatı var. Mən heç bir cinayət törətməmişəm. Sadəcə olaraq Əliyev hakimiyyətinin törətdiyi cinayətləri və etdiyi səhvləri onun üzünə demişəm, xalqı öz hüquqları uğrunda mübarizəyə səsləmişəm. Mənim bütün “cinayətlərim” bundan ibarətdir”, -siyasətçi müraciətində yazıb.

Tofiq Yaqublu onun azadlığa buraxılması üçün dəstək ifadə edən hər kəsə təşəkkür edib və xahiş edib ki, onun son məhkəmə iclaslarında dediyi 134 səhifəlik son sözünü hər kəs oxusun və sosial şəbəkələrdə paylaşsın.

“Həmin son sözümdə mənə qarşı irəli sürülmüş ittihamı elə darmadağın etmişəm ki, hətta mən hər hansı səbəbdən bu uydurma cinayəti boynuma götürməyə məcbur olsaydım belə, hakimin mənə bəraət verməkdən başqa yolu qalmazdı. Biz hakimiyyəti ittiham edəndə ümumi sözlərdən yox, sübutlardan və faktlardan istifadə etməliyik”.

Siyasətçi müraciətinin sonunda deyib ki, azadlığa buraxılmasa belə, ömrünün son günlərini həbsxanada keçirmək istəmir.

“Dostlar, əlbəttə ki, mən yaşamaq istəyirəm, amma nə edim ki, Əliyev rejimi mənə başqa seçim imkanı vermədi və mən ömrümün son günlərini həbsxanada keçirmək istəmirəm. Düşünürəm ki, ölsəm, bu, boşuna getməz və dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini cəlb edər”.

Aprelin 1-dən həbsinə etiraz olaraq ölüm aclığı edən Tofiq Yaqublunun 18 kq-a yaxın çəki itirdiyi və səhhətinin xeyli pisləşdiyi deyilir.

Bu gün vəkil Nemət Kərimli müalicə müəssisəsində Tofiq Yaqublu ilə görüşüb. Vəkil bildirib ki, Tofiq Yaqublunun aclığının 32-ci günündə onun günü-gündən gerilədiyi açıq hiss olunur.

“Onun çəkisi artıq 78.9 kq-a düşüb. Aclığa başladığı gündən bəri təxminən 18 kq arıqlayıb. Əvvəllər də gecələr yata bilmirdi. Dünən gecə ilk dəfədir ki, yata bilməsi üçün ona dimedrol vurulub. Özünün də dediyi kimi artıq ölümə yaxınlaşır. Bir qədər söhbət etdik. Söhbət əsnasında iki dəfə nədən danışdığı yadından çıxdı. Vəziyyəti günü-gündən pisləşir”, – vəkili bildirib.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Buna etiraz olaraq aprelin 1-dən ölüm aclığı edir.

Tofiq Yaqublunun apelyasiya məhkəməsi isə mayın 6-na təyin olunub.

Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.

Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçilərindən biridir, Meydan TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz