Əhməd Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib
Tarix: 8-05-2025, 19:58
Bu gün, mayın 8-də Binəqədi rayon Məhkəməsində ictimai fəal, "Yoldaş media"nın təsisçisi Əhməd Məmmədli haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Civilazerbaijan.com bildirir ki, Ə.Məmmədli Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq... silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə...) və 126.2.4 ( Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur. Gənc fəal ittihamları qəbul etmir. O, hələ prosesdən öncə Binəqədi rayon Məhkəməsinə gətirilərkən deyib ki, "azad media susdurula bilməz".
Ə.Məmmədli hesab edir ki, onu təsisçisi olduğu "Yoldaş media"ya görə şərləyərək tutublar.
Həmin maddələrlə fəala 11 ilə qədər həbs cəzası verilə bilər.
İctimai fəal Əhməd Məmmədli mayın 6-da axşam saatlarında Binəqədi Rayon Polis İdarəsinin polisləri tərəfindən saxlanılıb.
İddia olunur ki, Əhməd Məmmədli mayın 6-da saat 22 radələrində Dünyamalıyev Vüqar adlı şəxsə Biləcəri qəsəbəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirib. Buna səbəb kimi də taksidə yer üstündə mübahisə göstərilir.
Yaxınlarının bildirdiyinə görə, Əhməd Məmmədli mayın 6-da gecə saatlarında evinə gedərkən taksiyə minəndə arxasınca başqa adam da minib.
“Həmin adam onu maşında vurmağa başlayıb. Taksini saxlatdırıb, başqa maşına mindirib ərazidən uzaqlaşdırıblar. Başqa yerdə düşürüb döyüblər. Telefonunun şifrəsini almaq üçün isə elektrik cərəyanına veriblər”.
Əhməd Məmmədlinin həyat yoldaşı Türkan Məmmədli Meydan TV-yə bildirib ki, fəala qarşı irəli sürülən ittiham saxta və əsassızdır.
“Üzərində bıçaq gəzdirmək nədir? Əhməd heç evdə bıçağa əl vurmurdu. Əksinə, gərgin vəziyyətlərdə qarşısındakı insanı sakitləşdirən adamdır. O, əsla davaya girən insan deyil”.
Türkan Məmmədli bildirib ki, onun həbsinin əsl səbəbi fəaliyyəti ilə bağlıdır.
“Onun həbsi aktivist fəaliyyəti ilə əlaqədardır. Əhməd müstəqil jurnalist fəaliyyəti ilə də məşğuldur. Məhkəmələrdən medialara materiallar verirdi. Həbsinə bu da səbəb ola bilər. Bu il martın sonlarında ölkədən çıxmaq istəyəndə, məlum oldu ki, Baş Prokurorluq Əhmədə qadağa qoyub. Məsələni araşdırdıq, bildirdilər ki, texniki problemdir, aradan qaldırılacaq. Lakin ölkədən çıxış qadağasını götürmədilər, uzatdılar. Görünür, qadağanı əvvəldən planlaşdırıblar. Onun həbsi əvvəldən ssenariləşdirilib”.
Əhməd Məmmədli özü saxlanılmasını təsisçisi olduğu “Yoldaş Media” ilə əlaqələndirib.
İctimai fəalın 2024-cü ilin yanvar ayından ölkədən çıxış qadağası da var.
Yanvarın 23-də Ə.Məmmədli Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılmışdı. Prokurorluqda ona bildirmişdilər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etdiyi, magistratura təhsilini davam etdirmək üçün Muğla Sıtkı Koçman Universitetinə qəbul aldığı sənədi saxta hesab edib, həmçinin ölkədən çıxışına qadağa qoyulub.
Əhməd Məmmədli 2022-ci ildə də saxlanmışdı. Həmin il sentyabrın 20-də fəal İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə 30 sutka inzibati həbs cəzası almışdı.
Məmmədli məhkəmənin önündən polis maşını ilə aparılarkən bildirmişdi ki, o sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər