Anar HƏBİBOĞLU. Yaşaya bilmədim mən hamı kimi... - ŞEİRLƏR

Xəbərin çap versiyası
Tarix: 24-05-2025, 15:27


Şair Anar Həbiboğlu (Anar Həbib oğlu Səfərov) 1974-cü ildə Lənkəran rayonunun Kərgəlan kəndində anadan olub. Bədii yaradıcılığa yeniyetmə ikən başlayıb. O, parlaq istedada sahib olub. Şeirləri “Azərbaycan”, “Ulduz”, “Söz”, “Şəfəq”, “Məşəl” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə və bir çox almanaxlarda dərc olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Anar Həbiboölu 43 yaşında - 22 may 2016-cı il tarixdə vəfat edib və doğulub boya-başa çatdığı Lənkəran rayonunun Kərgəlan kəndində dəfn olunub.

Civilazerbaijan.com
bənzərsiz istedada sahib olan, unudulmaz Anar Həbiboğlunun bir neçə şeirini təqdim edir:

Anar Həbiboölu
YAŞAYA BİLMƏDİM MƏN HAMI KİMİ...
şeirlər


Bir lal qıza

Bu əllər, bu ayaqlar hamısı yadımdadır,
Səni qaytara bilsəm ömrümə bir anlığa...
... Yadımdadır sol əlindəki xal da,
yadımdadır saçının qumral pərişanlığı...
Dilindəki sükutu dindirə bilmədim ki,
qoy elə bilməsinlər
Sevincini, sözünü dərib yığışdırmışam.
Bu əllər, bu ayaqlar hamısı yadımdadır,
Səni bir süfrə kimi sərmişəm neçə dəfə,
sərib yığışdırmışam.
Görən dəyişməyib ki, saçlarının qoxusu?
Gəl açıl, süfrəm mənim.
Qoy yenə də əllərin həzin-həzin bir türkü,
bir bayatı oxusun.
Sözlərin kəlmə-kəlmə əllərindən süzülür,
gözlərindən boylanır, dilin nədən çat verib?..
Elə sərt yaşamışıq qovub təbəssümləri
İndi də qalmayıbdı bir az zarafat yeri...
Bu əllər,bu ayaqlar hamısı yadımdadır,
Öpüb ütüləyərdim otaqdakı soyuqdan
qıcqıran ağ dərini.
Bizi heç kəs anlamaz,
Necə ki, illər boyu sən məni anlamadın,
Mən də ki, əllərini...
Murmansk, 25.04.1995


Yenə gəlmədiniz...

Yaşaya bilmədim mən hamı kimi,
Bu namərd ürəyim qoymadı mənə.
Bu axşam özümü asmaq istədim,
Doğmalar bir kəndir qıymadı mənə.

Biri çörək verdi, biri su verdi,
Biri gözlərindən bir cüt göz yaşı...
Anamın dizinə qoydum başımı
Gördüm gözlərimdən ürəyim daşır.

Özümə deyirəm oyan, sən ayıl,
Süpürür dörd yana küləklər məni.
Yenə nə sən gəldin, nə də Əzrayıl,
Deyəsən unudub Mələklər məni...
Lənkəran

Başını qoy sinəmə

Görməyəydim gözlərində qəm izi,
Haqdan gələn kədər bizim, qəm bizim.
Dünya sənin nə vecinə əzizim,
Başını qoy sinəmə.

Sevgimizdə sən gözətçi, mən əsir,
Heç qəm yemə ömrümün bir dənəsi.
Dolu olur şairlərin sinəsi
Başını qoy sinəmə.

Sən yat bir az, mən bayatı danışım,
Taleyimlə nə küsüm, nə barışım.
Qoy əzməsin saçlarını balışın
Başını qoy sinəmə.
Lənkəran, 1997

Çinli qız II

Bu gecə-qara qətran, çinli qızın gözütək,
Bəmbəyazdı, ağappaq çiçəklərin qoxusu.
Küçələrdə rəqs edir axşamdan səhərədək
Bir yastığa baş qoyub yatanların yuxusu.

Sükut qəhqəhəsində , ulduz işartısında
Qatarlar silkələyir relslərin yaddaşını.
Bir paravoz uyuyur şəhərin ortasında,
Kəsib heykəl qoyublar “qırxayağın başını”.

Gör nə vaxtdı paravoz siqareti tərgidib,
Hərdən yazıq diksinir qatarların səsinə.
Körpə uşaqlar kimi qatarlara əl edir,
Bircə ovuc xatirə atır pəncərəsinə.

Bəs niyə qara qətran, axı niyə çinli qız?
Bir çinli qız görmüşəm xatırladım qatarda.
Bir yastığa baş qoyub kupedə uyuduq biz,
Şirin yuxularımız rəsm olundu divarda.

Bu gecə-qara qətran, çinli qızın gözütək,
Bəmbəyazdı, ağappaq çiçəklərin qoxusu.
Küçələrdə rəqs edir axşamdan səhərədək
Bir yastığa baş qoyub yatanların yuxusu.

Sevgilər şəhəri

Sən də çıxıb getdin, kimim qaldı ki?..
Necə də qəmliymiş sevginin sonu.
Sənin əlindədir mənim taleyim,
Ala bilməyəcəm əlindən onu.

Bir də qismət ola üzünə baxım,
Ah, niyə ayıltdın axı sən məni?..
Əlvida, Qızılgül – güllərin şahı,
Sağ ol ki, vaxt tapıb sevmisən məni.

O bəxtim, o da sən, daha özün bil,
Sənə bağışladım qorumaq üçün.
Lənkəran SEVGİLƏR ŞƏHƏRİ deyil,
Yerdi ƏR EVİNDƏ QARIMAQ üçün...
Lənkəran 2004

Tramvay

Fikirlər beynimdə bir ovuc mismar,
Beynim cızıq-cızıq, deşik-deşikdir.
Tramvay hərdənbir yuxuma girən,
Bircə nəğmə bilən köhnə beşikdir.

Körpə beşiyimdi dəmir tramvay,
Köhnə beşiyimdi qaçıb şəhərə.
Qaçıb iş axtarsın, çörək qazansın,
Mənimlə bir vaxtda çıxıb səfərə.

Ağır çiyinləri illərlə dolu,
Böyüdüm mən adam ola bilmədim,
O isə böyüyüb tramvay olub;
Ayaqları dəmir, əlləri dəmir,
Yorulur ancaq ki, yoruldum demir.

Səhərdən axşama iş başındadır,
Nə qədər insana köməyi dəyir,
Nə qədər insana çatır işığı.
Deyəsən pis deyil dolanışığı...
...Ancaq
kimsə bağlayıbdı ayaqlarını,
kimsə qulağını göyə mıxlayıb.
Bilirəm, bilirəm niyə mıxlayıb,
Qayıdıb uzağa qaça bilməsin.
O şirin günlərə, qayğısız ömrə,
O günahsız çağa qaça bilməsin,
qayıda bilməsin özünə daha...

Mənim beşiyimdi yazıq tramvay,
Mən ondan o qədər balacayam ki,
Elə bil vaxt təkcə onunçün ötüb.
İndi görüşəndə tanısın çətin...

Əlvan, çiçək-çiçək haləsi vardı,
Darboğaz, uzunsov lüləsi vardı.
Mənim yazıq nənnim yekəlib daha,
Yerişi ayrıdır, səsi ayrıdır.
Gedir, səhər gedir, axşam qayıdır.
Azadlıq rəsmi var işıqlarında,
Köhnə laylasında oxşama tamı...
...Nə yaxşı məndən bir adam çıxmadı,
Nə yaxşı qorudum qulaqlarımı...
Xabarovsk 17.10.2002

Anam torpaq

Gözün aydın, anam torpaq,
Ağacların bar gətirib.
Bu yağan göz yaşı deyil,
bu yağan yaz yağışıdı
Xanım buludlar gətirib.

Hər şey üzü yaza gedir,
Anam torpaq, üzü yaza.
Sən çiçəkləyib gedirsən,
Mənsə şeir yaza-yaza.

Hər şey üzü yaza gedir,
Bir sirri var yazın mənə;
Bu yazda bir qız sevəcəm
Zülm edər olmazın mənə...
Lənkəran 25.03.2000

Sərxoşun şeiri

Gözünə girərəm gözündən ötrü,
Qorxursan görərlər görüşə gəlmə.
Yaman darıxmışam səsindən ötrü,
Zəng eylə danışaq bir iki kəlmə.

Könlümə, ruhuma əziz bilmişəm
Qəlbimi köksümdən alan sözləri.
Müqəddəs bilmişəm, təmiz bilmişəm
Mənə danışdığın yalan sözləri...

...gözümdə o qədər ucasan, uca,
Gözlərim qaralır, əllərini ver.
Belə ucalıqda alışmaq olar,
Belə ucalıqda yaxılmaq olar.
Nə qədər hündürdü oturduğun yer
O qədər əzabla yıxılmaq olar...

...sənin sağlığına bu son badəni,
Qədəhimə süzmə, süz ürəyimə.
Hər dəfə gözümdən salırlar səni,
Salırlar, düşürsən düz ürəyimə...

NƏĞMƏ

Sənli xatirələr danışdırmadı
Ağzına su alıb susan dənizi.
Bir “Ölü dənizə” dönəcək Xəzər,
Gözümün yaşıyla yusam dənizi.

Gəlirəm sahilə yagışda, qarda,
Ləpə tellərini sinəm üstə sər.
Mən bir qız sevirdim “Kiçik bazarda”
Onun da gözləri maviydi, Xəzər...

Gəlirəm sahilə yagışda, qarda,
Gələrəm sağ qalsam, gələrəm ölsəm.
Bir ağ gəmi batıb mavi sularda,
Onu gözlərimdən hönkürə bilsəm...

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz