AbzasMedia işi üzrə hökmlər müstəqil mediaya davamlı təzyiqin tərkib hissəsidir - AŞPA MƏRUZƏÇİSİ

Xəbərin çap versiyası
Tarix: Dünən, 19:56


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi, belçikalı deputat Kristof Lakrua "AbzasMedia işi" üzrə hökmlərin qüvvədə saxlanmasından məyusluğunu bildirib.

Civilazerbaijan.com
bildirir ki, "Azərbaycanda jurnalistlərin və insan haqları müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər" üzrə məruzəçi olan K.Lakrua sentyabrın 12-də bu haqda bəyanat yayıb.

Tənqidi səsləri susdurmaq

O, uzunmüddətli həbs cəzası alanlar arasında "AbzasMedia"nın 2025-ci il üçün Vatslav Havel İnsan Hüquqları Mükafatının qısa siyahısına salınmış direktoru Ülvi Həsənlinin də olduğunu qeyd edir. Bu ilin iyunundan ona 9 il həbs cəzası kəsilib, hazırda ağır şəraitli, uzaq bir həbsxanada saxlanılır.

"Həsənliyə və onun həmkarlarına irəli sürülən "qaçaqmalçılıq" və digər ittihamlar, görünür, əsasən, korrupsiyanı üzə çıxaran tənqidi səsləri susdurmaq məqsədi daşıyır. Təəssüf ki, "AbzasMedia" jurnalistlərinə qarşı çıxarılan bu hökmlər Azərbaycanda müstəqil mediaya, vətəndaş cəmiyyəti üzvlərinə qarşı göstərilən daha geniş və davamlı təzyiqin bir hissəsidir", – məruzəçi bildirir.

Mənalı dialoq yoluna çağırış

AŞPA məruzəçisi qeyd edir ki, müstəqil araşdırmaları, özəlliklə şəffaflıq və hesabatlılıqla bağlı reportajları məhdudlaşdırmaq cəhdləri yaxşı idarəetmənin əsasını sarsıdır. O, Azərbaycanın cəsarətli jurnalistləri və insan hüquqları müdafiəçiləri ilə həmrəy olduğunu, onların fəaliyyətini dəstəklədiyini bildirir.

K.Lakrau Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində öhdəliklərinə uyğun olaraq onların azadlığa buraxılmasına çağıracağını vurğulayır: "Azərbaycan hakimiyyətini mənalı dialoq yoluna qayıtmağa çağırıram. İnsan hüquqlarına hörmət, plüralizmin təşviqi və beynəlxalq tərəfdaşlarla konstruktiv əməkdaşlıq – rifahlı və dinc gələcəyə aparan əsas addımlardır".

2024-cü ilin yanvarında Azərbaycanın AŞPA-da səsvermə hüququ dondurulub, Azərbaycanın qurum qarşısında insan hüquqları ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməsi əsas göstərilib. Azərbaycan hakimiyyəti də buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. Sonradan Bakı, üstəlik, həmin müzakirələrdə bu qərara səs vermiş deputatları qara siyahıya salaraq onların Azərbaycana gəlişinə məhdudiyyət qoyub. Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra əməkdaşlığa hazırdırlar.

Qeyd edək ki, "AbzasMedia" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Bu il iyunun 20-də isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlardan Ülvi Həsənli, Sevinc Vaqifqızı, Fərid Mehralızadə, Hafiz Babalı 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, vergidən yayınma və başqa ittihamlarla təqsirli biliniblər. Jurnalistlər özlərini təqsirli saymır, Əliyevlər ailəsi də daxil, hakimiyyətdə təmsil olunan yüksəkvəzifəli şəxslərin korrupsiyasını araşdırdıqlarına görə cəzalandırıldıqlarını bildirirlər.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi "AbzasMedia işi" üzrə həbsdə olan yeddi jurnalist barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz