ABŞ senatorları Qubad İbadoğluya azadlıq tələb edirlər

Xəbərin çap versiyası
Tarix: Bu gün, 12:37


ABŞ senatorları iqtisadçı professor Qubad İbadoğluya azadlıq tələb edirlər. Respublikaçı Tomas Tillis və demokrat Dik Durbinin hazırladığı qətnamədə Azərbaycan hökumətinin Q.İbadoğlu ilə rəftarı pislənilir, onu dərhal azad etmək çağırışı yer alır.

Civilazerbaijan.com
bildirir ki, senatorlar qeyd edirlər ki, Ermənistan və Azərbaycan arasında sülh sazişləri üzrə son diplomatik proqres Cənubi Qafqazda daha sabit və firavan gələcəyə ümidlər yaradır. Bu tərəqqi isə Azərbaycanın qlobal tərəfdaşlıqlarını gücləndirmək və beynəlxalq normalara sadiqliyini nümayiş etdirməsi üçün mühüm fürsət açır.

"Amma Azərbaycanda əsassız həbs və insan hüquqları pozuntuları davam etdikcə bu proqres tam gerçəkləşdirilə bilməz", – senatorlar yazırlar.

İndiyədək ayrı-ayrı ABŞ senatorları, eləcə də Nümayəndələr Palatasının üzvləri bir neçə dəfə iqtisadçı professor Q.İbadoğluya azadlıq tələb ediblər.

ABŞ Konqresinə daha öncə də bu tələblə qətnamələr təqdim olunub.

Qeyd edək ki, Q.İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib, saxta pul hazırlamaqda ittiham olunub. Onun təşkilatının ofisindən 40 min dollar tapıldığı, bunun bir hissəsinin saxta olduğu iddia edilib. Təqsirləndirilən professor isə bu pulların ofisə elə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən atıldığını bəyan edib. İstintaqın gedişində Q.İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsiylə ittiham verilsə də, o bu ittihamı da qəbul etməyərək cinayət işində yazılanların yalanlayıb.

Q.İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Avqustda isə onunla bağlı cinayət işi ümumi işdən ayrılıb.

Q.İbadoğluya qarşı cinayət işi çərçivəsində saxlanmış iqtisadçı Fazil Qasımova isə 9 il həbs cəzası kəsilib.

Q.İbadoğlunun qardaşı Qalib Bayramova qarşı bu il cinayət işi açılıb.

Hazırda Azərbaycanda 30-dək jurnalist, fəal müxtəlif iqtisadi ittihamlarla həbsdədir. Onlar ittihamları siyasi sayır, tənqidçi, araşdırmaçı fəaliyyətlərinə görə cəzalandırıldıqalrını deyirlər.

Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını bildirir, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz