Avropa İttifaqının genişlənmə komissarı Azərbaycandadır

Xəbərin çap versiyası
Tarix: Bu gün, 12:47


Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos Azərbaycana gəlib.

Civilazerbaijan.com
bildirir ki, yerli saytların məlumatına görə, M.Kos elə səfərinin ilk günü, sentyabrın 18-də Ağdama gedir. Kosun Ağdamda minatəmizləmə işləri ilə tanış olacağı bildirilir.

Qurumun yaydığı mətbuat bülletenində də bu səfərin Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamına təsadüf etdiyi və regional inkişafa konkret töhfə verəcəyi vurğulanır.

Həmçinin bildirilir ki, komissar Azərbaycan hakimiyyəti ilə ortaq strateji maraqları, o cümlədən enerji və nəqliyyat məsələlərini müzakirə edəcək.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Son illər işğaldan azad edilən ərazilərdə minatəmizləmə və yenidənqurma işləri aparılır.

Qeyd edək ki, Azərbaycan Aİ ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edib. Proqrama Azərbaycandan başqa Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Belarus daxil idi.

Əvvəlcə Ukrayna, Moldova və Gürcüstanla assosiativ saziş imzalayıblar. Sonradan onlara namizəd statusu verilib. Lakin Gürcüstanda "xarici agentlər", cinsi azlıqlara dair mübahisəli qanunlar və ötən il kütləvi etirazlar doğuran parlament seçkilərdən sonra bu ölkə ilə danışıqlar dayandırılıb.

Belarus isə lap əvvəldən Aİ ilə əməkdaşlığı dayandırmışdı.

Qalan ölkələrdən Ermənistanla isə illər öncə tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da hələ 2017-ci ildə belə danışıqlar başlasa da, hələlik, real nəticə yoxdur, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz