ABŞ senatoru həbsdəki jurnalist Ülviyyə Əliyə məktub yazıb
Tarix: 2-10-2025, 13:46
ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvü Cin Şahin Azərbaycanda həbsdə olan jurnalist Ülviyyə Əliyə (Quliyeva) məktub yazıb.
Civilazerbaijan.com bildirir ki, "Qəzetçi"nin xəbərinə görə, senator Ü.Əli də daxil olmaqla Azərbaycandakı "siyasi məhbus"ların məsələsinin onun üçün prioritet olaraq qaldığını bildirib.
“Sənin işinlə bağlı səsimi mümkün olan hər yerdə qaldıracağam və azadlığa buraxılmağın üçün iş aparacağam”, – senator əlavə edib.
C.Şahin jurnalistin anasının “The Washinton Post” qəzetinə verdiyi müsahibəni də oxuduğunu qeyd edib.
O əlavə edib ki, Ü.Əlinin həbsindən öncə "jurnalist etikasına və həqiqətləri dilə gətirəcəyinə sadiq qalacağına dair mesajı" beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.
Ü.Əlinin vaxtilə çalışdığı “Amerikanın Səsi” qurumunun çətin dövrdən keçdiyini vurğulayan senator qeyd edib ki, o öz həmkarları ilə birlikdə media qurumunun fəaliyyətini davam etdirməsi üçün əlindən gələni edəcək:
“Gün gələcək, azadlığa buraxılmağını qeyd etmək üçün səni ABŞ Senatına dəvət edəcəyik. O vaxtadək güclü ol və yadında saxla ki, sənin cəsarətin təqdirə layiqdir”.
Ülviyyə Əli mayın 7-də "Meydan TV işi" çərçivəsində həbs edilib. O, valyuta qaçaqmalçılığında ittiham olunur.
Jurnalist ittihamları rədd edir, həbsinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirir, Toplum TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər